Fərid Namazov “İmişli”nin ilk altı turdakı çıxışını dəyərləndirdi

8 Oktyabr 2026 13:45
69
Fərid Namazov “İmişli”nin ilk altı turdakı çıxışını dəyərləndirdi

“Millinin oyunlarına görə yaranmış fasilədən maksimum istifadə etdiyimizi düşünürəm. Bu müddətdə həm hücum, həm də müdafiə planında çatışmayan cəhətlərimizi inkişaf etdirməyə, üzərində işləməli olduğumuz məqamları aradan qaldırmağa çalışdıq”.

Bu sözləri “İmişli” futbol klubunun baş məşqçisi Fərid Namazov deyib.

33 yaşlı mütəxəssis komandasının mövsümün ilk 6 turunda göstərdiyi oyunu və topladığı xalları dəyərləndirib.

“Nəzərə alsaq ki, altı oyundan 3-ü ilk “4-lük”də yer alan komandalara qarşı baş tutub, nəticələri heç də pis hesab etmirəm. Həmin qarşılaşmalarda da sona qədər mübarizə aparmışıq. Komandamız hər görüşdə əlindən gələnin ən yaxşısını etməyə çalışıb. Yalnız “Qəbələ” ilə matçdakı xal itkisi planımızda yox idi. Fikrimcə, həmin qarşılaşmanın ədalətli nəticəsi ən azı heç-heçə olmalı idi. Əlbəttə, çempionatın təqvimi açıqlananda xal toplamaq baxımından müəyyən planlar qururduq. Hansı oyunlardan neçə xal götürə biləcəyimizi əvvəlcədən düşünür və bununla bağlı müəyyən hədəflər müəyyənləşdirirdik. Fikirləşirəm ki, göstərdiyimiz oyun və mübarizə baxımından 7-8 xal toplamalı idik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “İmişli” Misli Premyer Liqasında altı turdan sonra dörd xalla səkkizinci pillədə qərarlaşıb.

İdman.Biz