Ağadadaş Salyanski U-21 millisinin rekordundan danışdı

7 Oktyabr 2026 15:29
89
Ağadadaş Salyanski U-21 millisinin rekordundan danışdı

“21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki nəticəsi yaddaşlarda qalacaq”.

Bu barədə komandanın üzvü Ağadadaş Salyanski açıqlama verib.

Hücumçu turnirlə bağlı təəssüratlarını bölüşüb.

“Çox maraqlı, gərgin matçlar keçirdik. Qrupda güclü rəqiblər olduğunu bilirdik. Buna baxmayaraq, öz oyunumuzu oynayıb maksimum nəticə qazanmaq istəyirdik. Şükürlər olsun ki, bunu edə bildik. U-21 millimizin tarixində ən çox xal 9 olub. Biz dünən bu rekordu yenilədik. Ümumilikdə 10 xal topladıq. Çox qürurverici, gözəl hisslərdir. Gələcəkdə həmişə yadımızda qalacaq bir tarixdir”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

O, Bakıda Cəbəllütariqi 3 cavabsız qolla üstələdikləri seçmə mərhələnin son matçı haqqında da danışıb:

“Dünənki qarşılaşmadan əvvəl 7 xalımız var idi və bu da sonuncu oyun idi. Mütləq şəkildə qələbə qazanmalı idik. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna eyni cür hazırlaşırıq, heç bir rəqibdən çəkinmirik. Şükürlər olsun ki, dünən qələbə qazandıq və dediyim kimi, tarixə imza atdıq. Çox sevincliyəm. Dünənki oyunda qələbədə qol payım oldu, amma bu, təkcə mənim zəhmətim deyil. Burada bütün oyunçuların, məşqçilər heyətinin zəhməti var. Çünki biz həmişə bir olmuşuq. Komandada birlik olanda, gözəl nəticələr qazanılır. Biz də buna nail olduq”.

Xatırladaq ki, Ağadadaş Salyanski Cəbəllütariqlə oyunda dubl edib. U-21 altı komandanın olduğu B qrupunda 10 xalla beşinci yeri tutub.

İdman.Biz