“19 yaşımda bir illik icarə əsasında Portuqaliyaya yollandım. Bu keçid mənim üçün çox vacib idi, çünki peşəkar liqada oynamağa başladım”.
Bu sözləri “Barselona” akademiyasının yetirməsi, vaxtilə “Sabah”ın futbolçusu və köməkçi məşqçisi olmuş Kristian Sebalyos Bakı təmsilçisinin UEFA Çempionlar Liqasındakı tarixi oyunu ərəfəsində teleqraf.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– 2004–2011-ci illərdə “La Masia”da keçirdiyiniz dövrü necə xatırlayırsınız? Həmin akademiya futbolçu kimi formalaşmağınıza nə dərəcədə təsir göstərdi?
– Orada olduğum dövrlə bağlı hər şeyi xatırlayıram. Dünyanın ən yaxşı akademiyasında yeddi il keçirdim. Əksəriyyəti bu gün Avropanın aparıcı liqalarında çalışan top məşqçilərlə işləmək imkanım oldu və onlardan çox şey öyrəndim. Futbolu düzgün oynamağı, eləcə də təzyiqin öhdəsindən gəlməyi öyrənmək baxımından həmin illər mənim üçün çox vacib idi. Çünki hələ erkən yaşlardan dünyanın ən güclü klublarına qarşı çoxsaylı turnirlərdə çıxış edirdik. O dövrü həmişə yüksək qiymətləndirirəm, bir futbolçu kimi inkişaf etməyimə çox kömək etdi.
– Həmin dövrdə əfsanəvi futbolçu Ronaldinyo ilə top çilədiyiniz videonuz videonuz viral olmuşdu və sizə “yeni Messi” kimi böyük ümidlər bəslənilirdi. Bəs sonra “Barselona”dan ayrılmağınız necə baş verdi?
– Bəli, çox gənc yaşlarımda bir neçə gün Ronaldinyo ilə birgə olmaq şansım yaranmışdı. O, mənim kumirlərimdən biri idi. Həmçinin 17-18 yaşlarımda Qvardiolanın baş məşqçi olduğu “Barselona”nın əsas komandası ilə birlikdə olmaq fürsəti qazandım. Məsələn, Messi, İbrahimoviç, Dani Alves — bütün bu futbolçular orada idi və mən 10 gün ərzində onlarla məşq etmək imkanı əldə etdim. Bu, mənim üçün möhtəşəm bir təcrübə idi. Əsas komandaya yüksələn gənc istedadlara tövsiyəm budur ki, sadəcə özləri olsunlar, hər andan zövq alsınlar, əvvəlki həyat tərzlərini və dostlarını qorusunlar, çalışmağa davam edib təvazökar qalsınlar. Futbolda sabah nə baş verəcəyini heç vaxt bilmək olmur, üstəlik futbolçu karyerası çox qısadır. Mənim üçün futboldan sonrakı insani dəyərlər daha önəmlidir. Ona görə də gənc oyunçu öz yaşıdlarının gündəlik həyatda etdiyi normal şeylərdən uzaqlaşmamalıdır.

– 2011-ci ildə əvvəlcə “Çelsi”də məşqlərə çıxdınız, bir neçə ay sonra isə onların əzəli rəqibi “Tottenhem”ə keçdiniz, lakin əsas komandada rəsmi oyuna çıxmadan ayrıldınız. “Çelsi”də nə alınmadı və bu gün geriyə baxanda İngiltərəyə getməyi düzgün addım sayırsınız, yoxsa İspaniyada qalmaq daha yaxşı olardı?
– Bəli, “Çelsi” ilə müqavilə imzalamağa çox yaxın idim. Həmin vaxt məni ora aparan şəxs klubla razılığa gələ bilmədi. “Tottenhem” “Çelsi”yə keçməyəcəyimi bilən kimi dərhal mənimlə əlaqə saxladı və beləcə, onlarla dördillik müqavilə imzaladım. Əlbəttə, çox çətin qərar idi — başqa ölkə, Premyer Liqa kimi tam fərqli oyun üslubu... İlk ildə çox əziyyət çəkdim, çünki gənc yaşda tamamilə fərqli bir mühitə düşmüşdüm. Amma indi geriyə baxanda yenə eyni addımı atardım, çünki həmin dövrdən də çox şey öyrəndim. Fərqli ölkədə qazandığım bu təcrübə indi məşqçilik işimdə mənə böyük fayda verir: bir neçə dildə danışa, müxtəlif liqaların oyun üslublarını dərindən anlaya bilirəm. Bilik bazam əvvəlkindən qat-qat genişdir.
– Daha sonra Portuqaliya, İngiltərə, Belçika və Qətər klublarında çıxış etdiniz. Zədələr və mühit dəyişiklikləri səbəbindən futbolçu potensialınızı tam aça bilmədiyinizi düşünürsünüzmü?
– 19 yaşımda bir illik icarə əsasında Portuqaliyaya yollandım. Bu keçid mənim üçün çox vacib idi, çünki peşəkar liqada oynamağa başladım. Daha sonra bir il Çempionşipdə, üç il isə Belçikanın əsas liqasında çıxış etdim. Əlbəttə, futbol karyeram ərzində çoxlu zədələr aldım və bu, inkişafımı davam etdirməyimə ciddi təsir göstərdi, amma idmanda bəzən belə hallar olur. Sözsüz ki, özümdən və bacarıqlarımdan gözlədiyim səviyyəyə çata bilmədim, lakin müxtəlif ölkələrdə və fərqli mədəniyyətlərdə çalışmaq imkanı qazandığım üçün bu, futbolu daha yaxşı başa düşməyimə çox kömək etdi.
– 2021-ci ilin yayında “Sabah”a transfer olundunuz. Həmin vaxt Azərbaycandan gələn təklifi qəbul etməyinizə nə səbəb olmuşdu?
– Birinci səbəb idman direktoru Ramin Həsənovla aramızdakı münasibət idi. O, klubun layihəsini mənə çox aydın izah etdi və bu gün həmin layihənin uğurunu, reallığını hamı görür. İkinci səbəb isə ailəm idi — bir yerdə daha sabit həyat qurmaq istəyirdim. Buna görə də “Sabah”ı seçdim. Həmin vaxt Avropaya qayıtmaq üçün Portuqaliya, Belçika və Macarıstan klublarından təkliflərim var idi, lakin yayın sonunda bu yeni çağırışı qəbul etməyə qərar verdim. Bu addımımla fəxr edirəm. Zədələrə görə futbolçu kimi gözlədiyim uğuru tam qazana bilməsəm də, orada həm oyunçu, həm insan, həm də məşqçi kimi inkişaf etməyimə kömək edən düzgün insanlar tapdım.
– Cəmi 31 yaşınızda, 2024-cü ildə futbolçu karyeranızı başa vurmaq qərarına gəldiniz. Sizi buna vadar edən sırf zədələr idi, yoxsa artıq fikriniz məşqçilikdə idi?
– Təəssüf ki, karyeramı zədələrə görə bitirməli oldum. Son zədə topuğumdan idi və üç dəfə əməliyyat olundum. Sonda bərpa oluna bilmədim və bir neçə il bu problemlə mübarizə apardıqdan sonra futbolu buraxmaq qərarına gəldim. Bu, təkcə mənim üçün yox, ailəm üçün də çox ağır an idi, çünki futbol oynamağı çox sevirdim. Lakin hələ 25 yaşımdan məşqçilik kurslarına başlamışdım və karyeram bitəndən sonra məşqçi olacağımı dəqiq bilirdim. Bu, həlledici oldu. Futbolu bitirdikdən sonra baş verənləri qəbul etmək üçün 5–6 ay çətin dövr keçirdim, amma sonra məşqçiliyə kökləndim və hazırda bu işlə məşğulam.

– İspaniyada məşqçiliyə başladıqdan sonra yenidən “Sabah”a qayıtdınız, lakin çox keçmədən birbaşa “Fiorentina”ya dəvət aldınız. Paolo Vanoli ilə yollarınız necə kəsişdi və “Sabah” rəhbərliyi mövsümün ortasında bu gedişi necə qarşıladı?
– Hər şey çox sürətlə baş verdi. Valdasla birlikdə cəmi 15 gün idi ki, işləyirdim, İtaliyadan zəng gəldi. Paolo Vanoli mənimlə futbol fəlsəfəm, necə oynamağı xoşladığım, məşqləri necə keçmək istədiyim barədə danışmaq istəyirdi. Müxtəlif oyun sistemləri və taktikalar haqqında bir neçə söhbətimiz oldu. Bilirdim ki, o, başqa mütəxəssislərlə də görüşüb, amma ilk andan aramızda çox yaxşı anlaşma yarandı. O, xüsusilə komandanın hücum xəttini gücləndirmək istəyirdi və buna görə məni “Fiorentina”ya dəvət etdi. Ötən mövsüm “Fiorentina”da birlikdə çox uğurlu iş gördük. Bu keçidə görə çox şadam, çünki məşqçi kimi də ən yüksək səviyyədə çalışmaq şansı qazandım. Əvvəllər “Tottenhem”də futbolçu kimi gördüyüm belə paltardəyişmə otaqlarına bu dəfə məşqçi kimi daxil oldum.
“Sabah” isə mənə qarşı möhtəşəm davrandı, qarşıma çıxan fürsəti başa düşdülər. Azərbaycan liqasından İtaliya A Seriyasına keçirdim. Məşqçi karyeramı davam etdirmək və futbol biliklərimi artırmaq üçün bunun doğru məqam olduğunu başa düşdülər.
– Qısa müddətdə üç fərqli baş məşqçi — Valdas Dambrauskas, Paolo Vanoli və “Parma”da Karlos Kuesta ilə işləmisiniz. Onların hər birindən məşqçilik baxımından özünüz üçün ən vacib nəyi öyrəndiniz?
– Üç fərqli mütəxəssislə işləmək imkanım olduğu üçün çox xoşbəxtəm. “Sabah”da Valdasla başladım, sonra “Fiorentina”da Vanoli, “Parma”da isə Karlos Kuesta ilə çalışdım. Hər birinin öz baxışı və oyun üslubu var. A Seriyası təcrübəsi də mənə çox şey qatdı. Hər üç gündən bir — çünki Konfrans Liqasında da oynayırdıq — dünyanın ən güclü komandalarına qarşı çıxış edəndə istər-istəməz məşqçi kimi öz səviyyəni qaldırmalı olursan. Onların hər birindən mühüm detallar götürdüm. Elə bu keçidləri etməkdə əsas məqsədim də təcrübə toplamaq, məşq metodikasını dərindən öyrənmək və özümə ən uyğun üslubu müəyyənləşdirmək idi. Hazırda da Karlosla eyni məşqçilər korpusunda yer alırıq. Müxtəlif ölkələrdən fərqli təkliflərimiz var, növbəti addımımızı harada atacağımıza qərar vermək üçün gözləyirik. Düzgün iş yeri seçmək üçün tələsməməli olduğumuzu bilirik.

– Hazırda klubsuzsunuz. Bu fasilə dövründə gününüz necə keçir — dincəlməyə üstünlük verirsiniz, yoxsa oyun təhlilləri ilə məşğul olursunuz?
– Öz üzərimizdə işləməyə davam edirik. Məncə, hətta klubda işlədiyimiz vaxtdan da daha çox çalışırıq. Çünki indi öz oyun fəlsəfəmizi təkmilləşdirmək, konkret nə istədiyimizi və bunu videoanalizlər, yaxud məşqlər vasitəsilə futbolçulara necə çatdıracağımızı dəqiqləşdirmək üçün ideal məqamdır. Sabah hər hansı bir kluba getsək, nə edəcəyimizi əvvəlcədən tam bilməliyik. Müxtəlif oyun üslublarını və sistemləri təhlil edirik, eyni zamanda başqa klublara baş çəkir, həmkarlarımızla fikir mübadiləsi aparırıq ki, biliklərimizi daha da zənginləşdirək.
– “Sabah”da ən yaxın olduğunuz və hələ də əlaqə saxladığınız keçmiş komanda yoldaşlarınız kimlərdir?
– Klubla əlaqəm hələ də davam edir, xüsusilə idman direktoru Raminlə, həmçinin Valdas və köməkçi məşqçilərlə danışırıq. Orada çox yaxşı dostlar qazanmışam. Klubun həm futbolçu, həm də məşqçi kimi mənim üçün etdiklərini həmişə yüksək qiymətləndirirəm, ona görə də bu dostluq münasibətlərini qoruyub saxlayıram. Onlara həm “Barselona” ilə oyunda, həm də mövsümün qalan hissəsində uğurlar arzulayıram.
– 2026-cı ildə “Sabah” tarixində ilk dəfə ölkə çempionu olmaqla yanaşı, “qızıl dubl” etdi və Çempionlar Liqasında iştirak hüququ qazandı, ən əsası isə Liqa mərhələsinə yüksəldi. Bunlar sizi təəccübləndirdi?
– Düzünü desəm, onların çempion olacaqlarını gözləyirdim. Klubla ilk danışığımdan etibarən qurmaq istədikləri layihəni mənə çox aydın izah etmişdilər. İlk çempionluq titulunu qazandılar, indi əsas məsələ bu səviyyəni qoruyub saxlamaq və Çempionlar Liqasında layiqli mübarizə aparmaqdır. Təbii ki, Çempionlar Liqasına, xüsusilə hər üç gündən bir oynamaq tempinə uyğunlaşmaq üçün zaman lazımdır. Hazırda həm futbolçuların fərdi inkişafı, həm də klubun böyüməsi üzərində işi davam etdirməlidirlər.
– Artıq A Seriyasının daxili mətbəxini görən biri kimi deyin: bu gün “Sabah”a və ümumiyyətlə Azərbaycan klublarına Top-5 liqa səviyyəsinə yaxınlaşmaq üçün əsas nə çatmır?
– Əlbəttə, səviyyə tamamilə fərqlidir. A Seriyasının “Fiorentina” və “Parma” kimi klubları nəhəng brendlərdir: böyük azarkeş ordusuna, zəngin tarixə malikdirlər və uzun illərdir top oyunçularla, top məşqçilərlə bu səviyyədə çalışırlar. Amma yenə də onlardan çox şeyi götürüb tətbiq etmək olar — xüsusilə futbolçuların yetişdirilməsi və akademiya səviyyəsinin yüksəldilməsi sahəsində. Azərbaycan çempionatı mənim ilk gəldiyim dövrlə müqayisədə xeyli inkişaf edib, amma bu yolda davam etmək lazımdır. İnfrastruktur və mentalitet baxımından fərq hələ də çox böyükdür, lakin gündən-günə böyük işlər görülür.
– Yetişdiyiniz “Barselona” ilə karyeranızı bitirdiyiniz “Sabah” Çempionlar Liqasında üz-üzə gəlir. Püşkü görəndə ilk reaksiyanız nə oldu?
– İlk reaksiyam püşkatmaya çox təəccüblənmək oldu, eyni zamanda klub və ölkə adına çox sevindim, çünki dünyanın ən böyük komandalarından birini Bakıda qəbul etmək imkanı qazandılar. Beləliklə, həm “Sabah” azarkeşləri, həm də bütün azərbaycanlı futbolsevərlər bu gündən zövq alacaqlar.
– “Sabah”ın “Slaviya” üzərində qələbəsi komandanın potensialını göstərdi. Qarşıda “Barselona” var. Sizcə, “Sabah” bu oyunda sensasiyaya imza ata bilərmi?
– “Sabah” üçün çox çətin olacaq, amma yaxşı nəticə qazanmaq şansları mütləq yaranacaq. Bakıya uçuş “Barselona” üçün də çətin olacaq, çünki onlar buna öyrəşməyiblər, üstəlik hər üç gündən bir oynayırlar və heyətlərində milli komandaların fasiləsindən qayıdan çoxlu futbolçu var. Buna görə də “Barselona”nın start heyətində və düzülüşündə ciddi dəyişikliklər edəcəyini gözləyirəm. “Sabah” isə komanda şəklində oynamalı və yaxşı nəticə əldə etmək şansı qazanmaq üçün öz gücündən istifadə etməlidir. Sözsüz ki, “Barselona”nın oyun kimliyi bəllidir və onlar uzun illərdir bu cür futbol oynayırlar, görək meydanda nə baş verəcək.
– İspaniyada “Sabah”ı necə tanıyırlar? Bu qarşılaşma öncəsi sizə zəng edib komanda və ya Bakı barədə məlumat soruşan jurnalistlər, yaxud dostlarınız olubmu?
– Bəli, İspaniyadakı müxtəlif jurnalistlərdən və dostlarımdan çoxlu zənglər aldım, çünki onların “Sabah” haqqında geniş məlumatı yoxdur. Onlar klub, ölkə və Azərbaycandakı futbol barədə daha çox öyrənmək istəyirlər. Bu günlərdə həqiqətən çoxlu zənglər qəbul edirəm.
– Bu görüşü stadiondan canlı izləmək üçün Azərbaycana gəlməyi düşünürsünüzmü?
– Oyuna baxmaq üçün Bakıya gəlməyi düşünürdüm, amma sizə dediyim kimi, hazırda məşqçilər heyəti olaraq öz oyun kimliyimiz üzərində hər gün çox gərgin işləyirik və getməyə həqiqətən çox vaxtım yoxdur. “Sabah”ın burada, İspaniyada “Vilyarreal”a qarşı keçirəcəyi oyuna getməyə çalışacağam, çünki mənim üçün daha yaxındır və həm də ailəmlə birlikdə bu matçı izləmək daha asan olacaq.

– Qarşılaşmanın hesabı ilə bağlı proqnozunuz necədir?
– Bilmirəm, nəticəni bilmirəm, bunu heç kim bilmir. Əlbəttə, “Sabah”ın nəticə qazanmaq üçün şansları olacaq. Onlar vahid kollektiv, tam bir komanda kimi çıxış etməlidirlər. Ən vacibi bu oyundan zövq almaq, rəqibin “Barselona” və ya başqa klub olmasından asılı olmayaraq, meydana qələbə qazanmaq düşüncəsi ilə çıxmaqdır.
– Sonda azərbaycanlı futbolsevərlərə, xüsusilə də “Sabah”ın azarkeşlərinə nə demək istərdiniz?
– İlk növbədə həm futbolçu olduğum vaxtda, həm də köməkçi məşqçi kimi çalışdığım qısa müddətdə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Gələcəkdə onlarla yenidən görüşmək istərdim, çünki orada keçirdiyim vaxtdan həqiqətən zövq almışam. Ailəm də klubdakı hər kəsdən, Bakıdan və ölkənizdən çox razı qalmışdı. Azərbaycanda çoxlu dostlarım var. Uzaqda və məşğul olsam da, komandanı həmişə izləyir, hər oyununa baxıram. Hər birinizə təşəkkürlər, ümid edirəm, tezliklə yenidən görüşərik.
