“Neftçi” ilə oyuna istədiyimiz kimi başlaya bilmədik. Matçın əvvəlində çətinlik yaşasaq da, sonradan toparlanmağı və öz oyunumuzu tapmağı bacardıq. Təəssüf ki, bu qələbə üçün yetərli olmadı”.
Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Abdulla Rzayev deyib.
24 yaşlı müdafiəçi komandasının Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə məğlub olduğu matçla (1:3) bağlı fikirlərini bölüşüb.
“Rəqibin futbolçusu Qustavo Klisman gözəl qolla fərqləndi. Belə qollar 100 epizoddan birində vurulur. Əslində, Klisman qapıya zərbə vurmaq niyyətində deyildi, sadəcə top qapıya daxil oldu. Bundan sonra 2-3 real qol epizodumuz olsa da, onlardan istifadə edə bilmədik. “Neftçi” kimi güclü rəqibə qarşı qol imkanlarını dəyərləndirməyəndə işiniz çətinləşir. Qapımızda 2-3 qol gördükdən sonra fərqli oynamağa başladıq, daha fəal olmağa çalışdıq. Ancaq təəssüf ki, artıq gec idi”, - deyə o sport24.az-a açıqlamasında bildirib.
Rzayev bu mövsüm “Araz-Naxçıvan”ın mövsüm ərzində qələbə üzünə həsrət qalmasından da danışıb:
“Bu mövsüm qələbə qazana bilməmişik. Açığı, bu uğursuzluğun nədən qaynaqlandığını bilmirəm. Heyətimizdə itkilər var və bu da müəyyən mənada komandaya təsir edir. Ümumiyyətlə, qapımızda bəzən heç nədən qollar görürük. Bu nəticələrə görə peşmanıq və baş verənlərdən nəticə çıxarmaq istəyirik. İnanıram ki, bir qələbə qazansaq, “qara zolaq”dan çıxacaq və özümüzə inamı qaytara biləcəyik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasında 12 turdan sonra dörd xalla sonuncu pillədə qərarlaşıb.
