“Gəncəbasar”ın müdafiəçisi qələbə vəd etdi

24 Noyabr 2026 15:53
31
“Gəncəbasar”ın müdafiəçisi qələbə vəd etdi

“MOİK ilə oyuna hazırlığımız yüksək səviyyədə davam edir. Komanda olaraq məşqlərdə səylə çalışır, qarşıdakı matça ciddi yanaşırıq. Həm fiziki, həm də taktiki baxımdan ən yaxşı vəziyyətdə olmaq üçün əlimizdən gələni edirik”.

Bu sözləri ötən tur lider “Şahdağ Qusar”la qolsuz bərabərliyə razılaşan “Gəncəbasar”ın müdafiəçisi Seymur Rəhimov qarşıdakı MOİK matçı ilə bağlı açıqlamasında deyib.

Müdafiəçi komandanın hazırlıq prosesindən, qarşılaşmanın məsuliyyətindən və oyundan gözləntilərindən söz açıb.

“Hər birimiz bu oyunun məsuliyyətini anlayırıq. Əsas məqsədimiz meydanda öz oyunumuzu göstərmək, komanda şəklində mübarizə aparmaq və istədiyimiz nəticəni qazanmaqdır.

Oyundan gözləntim, təbii ki, qələbədir. Biz hər oyuna qələbə əzmi ilə çıxırıq və bu qarşılaşmada da hədəfimiz dəyişməzdir. İnanıram ki, düzgün hazırlıq, komanda ruhu və sona qədər mübarizə aparmaq istəyimiz sayəsində azarkeşlərimizi sevindirə biləcəyik. Əlimizdən gələnin ən yaxşısını edərək meydandan 3 xalla ayrılmaq istəyirik”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, hazırda 17 xalı olan “Gəncəbasar” turnir cədvəlinin ikinci, 15 xala malik MOİK isə dördüncü pilləsində qərarlaşıb. Noyabrın 26-da Gəncə şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

İdman.Biz