“Mahir Emreli aktiv idi, digərlərinin özünə inamı yox idi” - Ayxan Abbasovun MÜSAHİBƏSİ

6 Oktyabr 2026 13:19
117
“Mahir Emreli aktiv idi, digərlərinin özünə inamı yox idi” - Ayxan Abbasovun MÜSAHİBƏSİ

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində son tur öncəsi liderlik uğrunda mübarizəsini davam etdirir. Yığmamız turnirdə keçirdiyi oyunlarda həm müsbət məqamlarla yadda qalıb, həm də xüsusilə Lixtenşteynlə ev matçında hücumdakı problemlərini üzə çıxarıb.

Millinin baş məşqçisi Ayxan Abbasov sport24.az-a müsahibəsində komandanın Millətlər Liqasındakı çıxışını dəyərləndirib, “1-ci nömrə” ilə oynamaqla bağlı çətinliklərdən danışıb. O, həmçinin yerli futbolçuların yetişdirilməsi, uşaq futbolundakı problemlər və akademiyaların inkişafı ilə bağlı fikirlərini bölüşüb. Abbasov müsahibənin sonunda isə futbol oynadığı dövrdən indiki milliyə bir futbolçu seçməli olsaydı, kimin adını çəkəcəyini açıqlayıb.

- Yəqin ki, Millətlər Liqasındakı ilk üç oyuna ən azı ürəyinizdə müəyyən hədəflə başlamışdınız. Neçə xal qazanmağı düşünürdünüz? Nə alındı, nədən razı qaldınız, hansı məqamları qənaətbəxş hesab etmirsiniz?

Biri yoldaşlıq görüşü olmaqla 4 oyun keçirdik. Heyət də geniş çağırılmışdı. Fikirləşirdik ki, futbolçuları qoruyaq və seçim imkanlarımız çox olsun. İlk məqsədimiz bu 4 görüşdə məğlub olmamaq, daha sonra isə qalib gəlmək idi. Bilirdik ki, Litva səfəri ağır keçəcək. Amma orada məğlub olmamalı idik ki, sona qədər şansımız qalsın. Məncə, bunun öhdəsindən gəldik.

Evdə isə hər iki qarşılaşmada qalib gəlsəydik, qrupda son oyunun nəticəsindən asılı olmayaraq, istədiyimiz nəticəni əldə edəcəkdik. Lixtenşteynlə heç-heçə etməyimiz bizə psixoloji cəhətdən çox pis təsir etdi. Futbolçularda müəyyən inamsızlıq yaranmışdı. Amma ondan sonrakı üç gündə futbolçuların qələbəyə köklənməsi, milli forma üçün mübarizə aparması məni çox sevindirdi.

Ümumilikdə, milli komandada həmişə atmosfer çətin olub. Lixtenşteynlə heç-heçə etməyimizə üzülürük. Amma bəlkə də onlara qalib gəlib, Litvaya uduzsaydıq, həmin qələbənin də elə bir əhəmiyyəti olmayacaqdı. Bu 15 günlük müddətdə futbolçuların işə yanaşması, qələbə üçün canlarından keçməsi məni çox sevindirdi.

- Lixtenşteynlə ev oyunu millimizin “1-ci nömrə” ilə oynamaq baxımından ciddi çətinlik çəkdiyini göstərdi. Sizcə, belə rəqiblərə qarşı oyunda nə çatışmırdı?

- Biz neçə oyundur ki, “1-ci nömrə” ilə oynamaq istəyirik. Düzünü deyək, Azərbaycan millisi nə vaxt “1-ci nömrə” ilə oynayıb? Çox nadir hallarda püşkatmada zəif komandalarla qarşılaşmışıq. Bu da öyrənmək üçün kifayət etmir.

Həmişə rəqiblərimiz bizdən üstün yığmalar olub. San Marino və Malta ilə matçlarda da bunun acısını yaşayırdıq. Qol epizodlarından istifadə edə bilmirdik və bu, məni narahat edirdi. Hücumçularımız formada olsa, problem də aradan qalxar. Təəssüf ki, yalnız Mahir Emreli klubunda stabil çıxış etdi, qollar vurdu. Bu oyunlarda da ən aktiv futbolçunun Mahir olduğunu gördük.

Digər futbolçular klublarında az oynayırdılar, qol vurmurdular və özlərinə inamları yox idi. Tarixdə nəticə qalır. Bir neçə ildən sonra heç kimə deyə bilməyəcəyik ki, 200 dəfə hücum etmişik.

Qəbul edirəm ki, Lixtenşteynə qalib gəlməliydik. Amma futbolda belə nəticələr də olur. Biz hər oyundan dərs çıxarırıq. Hər oyundan sonra suallar yaranır. Bəzi futbolçular həmin yükü götürə bilmədi, bəzilərinə güvəndik, amma gözləntilərimizi doğrultmadılar.

Oyundan sonra danışmaq rahatdır. Oyundan əvvəl isə atmosfer tamam başqa cür olur. Bu da özü bir təcrübədir. Bəlkə də daha möhkəm olmalıydıq. Komanda olaraq böyüyürük. Heç kim deyə bilməz ki, mən üç matçdan sonra komanda quracağam.

Artıq “qarşılaşma bir də təkrarlansaydı, bunu edərdik” yanaşmasına getmirik. Lixtenşteynlə oyundan sonra dərhal Litva ilə görüşə hazırlaşdıq ki, futbolçularda inam azalmasın. Rəqib çətin olsa da, qələbə qazana biləcəyimizə inanırdıq. Məncə, futbolçular bunu bacardılar.

- Yerli futbolçu qıtlığının əsas səbəblərindən biri uşaq futbolundakı problemlərdir. Sizcə, dövlət tərəfindən maliyyələşən klublardan ayrılan vəsaitin bir hissəsinin perspektivli uşaqların xaricdə hazırlığına yönəldilməsi tələb olunmalıdırmı? Bu, daha keyfiyyətli futbolçuların yetişdirilməsinə kömək edə bilərmi?

-Burda çox variantlar ola bilər. 10 nəfər futbol adamı yığışsa, hərəmiz müxtəlif variant deyə bilər. Biz bilirik ki, yerli futbolçuların çox olması üçün akademiyalar lazımdır. Həmin akademiyalar Avropada ulduz futbolçular yetişdirənlər kimi olmalıdır.

Rusiyada “Krasnodar” akademiyası var idi ki, hamı onlardan danışırdı. Akademiyanın içində çox iş var. Məşqçi var, idarəçi var, texniki, tibbi heyət var. Əlbəttə, məşqçi də yetişdirmək lazımdır. Fiziologiyanı bilən məşqçi olmalıdır ki, hansı yaşda necə bədən quruluşunun olmasına qədər bilsin.

Burada çox iş var. Bəzi qaydalar çıxıb, klubların beynəlxalq turnirlərə qatılması tələbi var. Bu işlərə artıq başlanılıb. Mən burada tək məşqçiləri günahlandırmazdım. Sistemdə problem var.

Məşqçinin əlində meydança yoxdursa, baza yoxdursa, futbolçuları Avropa səviyyəsində yetişdirməsi üçün qidalanması yoxdursa, məşqçi nə edə bilər ki? Aşağı yaşda çox istedadlı məşqçilərimiz var. Ümumi sistemi düzəltməliyik.

“Futbolçu gəldi, məşq elədi, böyüdü” dövrü sona çatıb. O, əvvəllər idi ki, hərə öz bacarığına görə futbolçu olurdu. Bu gün bizdə də sistem düz olanda avtomatik məşqçi də yetişəcək. Lazım olanda kənardan da gətirilib, öyrənilməlidir. Məşqçi bacardığını verir.

- Bütün müsahibələrinizdə hədəfinizin qrupda birinci olmaq olduğunu vurğulamısınız. İndi isə milli bu hədəfə çox yaxındır. Lixtenşteynlə ev oyununda yaşananların təkrarlanmaması üçün hansı tədbirlər görüləcək?

- Bu oyunlarda futbolçular kifayət qədər təcrübə qazandılar. Başa düşdülər ki, bundan sonra daha ciddi olmalıyıq. Litva ilə görüşə yanaşdığımızdan daha ciddi yanaşmalıyıq Lixtenşteynlə oyuna.

Göründü ki, boşluqlara yol verəndə bunun acısını yaşayırsan. Ümid edirik ki, futbolçular klublarında yaxşı çıxış edəcəklər. Biz məşqçilər də düşünəcəyik ki, növbəti oyunlarda kimi heyətə cəlb edək. Son oyunlarını yaxşı keçirən futbolçular çox olub.

- Sonda bir qədər nostalji xarakterli sual verək. Təsəvvür edin ki, bugünkü milli komandada sizin futbol oynadığınız dövrdən yalnız bir futbolçunu görmək imkanınız var. Kimi seçərdiniz?

- “Qızıl oğlan” – Zaur Tağızadə!

İdman.Biz