Tacikistan futbol millisinin baş məşqçisi İqor Angelovski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, 50 yaşlı şimali makedoniyalı mütəxəssis mətbuat konfransında sabahkı qarşılaşmaya hazır olduqlarını bildirib.
“Burada olmaqdan məmnunam. Bizim üçün bütün şərait yaradılıb. Oyuna hazırıq. Bu futbolçularla işləməkdən də məmnunam.
Baş məşqçi kimi bütün rəqiblərə hörmət etməliyəm. Bundan əvvəl 6 il Makedoniya millisinin baş məşqçisi olmuşam. Həmin vaxt Azərbaycan millisinə qarşı da oynamışam.
Nəticə hər zaman önəmlidir. Sabah yoldaşlıq oyununa çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
“Turan Tovuz”un qapıçısı Oleq Bakuva şans verib-verməyəcəyim bugünkü məşqdən sonra məlum olacaq. Bunu indidən deməyim rəqib üçün də müəyyən fürsət yarada bilər. Hansı futbolçuların oynayıb-oynamayacağını açıqlamağım düzgün olmaz.
Onu da bildirim ki, Azərbaycan millisi D Liqasına deyil, daha yuxarılara layiqdir”.
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
