Futbol üzrə Azərbaycan millisi Tacikistanla yoldaşlıq görüşünə hazırlaşır. Asan rəqibdirmi? Biz Asiya futbol dünyasına bir qədər az nəzər salmağa öyrəşmişik. Halbuki orada da futbol kifayət qədər inkişaf edir. Özbəkistan bunun parlaq nümunəsidir. Tacikistan hələ o qədər parlaq görünmür, amma yavaş-yavaş sürət yığır.
Məsələn, Azərbaycan millisinin rəqibi artıq doqquz oyundur uduzmur və çətin ki, bu seriyanı yarıda saxlamaq niyyətində olsun. Bəli, rəqiblər Fransa olmayıb - Hindistan, Filippin və ya Şərqi Timor olub. Amma əmin deyiləm ki, Azərbaycan millisi indiki vəziyyətində belə Asiya yığmalarını, bəzən ekzotik görünən komandaları, asanlıqla məğlub edə bilərdi. Yeri gəlmişkən, FIFA reytinqindəki fərq də bizim xeyrimizə deyil: Tacikistan 101-ci, biz isə 126-cıyıq. Əlbəttə, reytinq müəyyən mənada şərti göstəricidir, amma yenə də reytinqdir.
Qonaqlar gələn il keçiriləcək Asiya Kubokuna hazırlaşırlar. Turnir 2027-ci il yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında keçiriləcək. Onlar qrupda Avstraliya, İraq və Sinqapurla mübarizə aparacaqlar. Tacikistan Asiya Kubokunda cəmi ikinci dəfə iştirak edəcək. Debüt turnirində onlar 1:0 hesabı ilə İordaniyaya uduzduqları 1/4 finala qədər irəliləmişdilər. İordaniya isə daha sonra finalda Qətərə məğlub oldu. Kiçik, amma maraqlı bir detal da budur.
Ölkənin gənclər yığması isə bu yaxınlarda seçmə mərhələsində həmin İordaniyanı məğlub edərək gələn yaz Çində keçiriləcək Asiyanın U-20 çempionatına vəsiqə qazanıb.
Heyətə daha dərindən nəzər salaq
Bu il milliyə makedoniyalı İqor Angelovski rəhbərlik etməyə başlayıb. Məhz onun rəhbərliyi altında Şimali Makedoniya 2021-ci ildə tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.
Tacikistan son oyunlarını iyunda Hindistana qarşı keçirib. FIFA reytinqində hətta Azərbaycandan da aşağıda olan Hindistan elə də güclü rəqib deyil. Buna baxmayaraq, Tacikistan maraqlı təsir bağışlayıb və mütəmadi olaraq qol vurub. Ümumiyyətlə, Tacikistan hücum etməyi sevən komandadır: son 5 oyunda orta hesabla hər matçda 2,6 qol vurub, 0,6 qol buraxıb.
Yeri gəlmişkən, “Turan Tovuz”un futbolçusu Oleq Baklov Tacikistan millisinin ikinci qapıçısıdır. Tanış tribunalar önündə meydana çıxsa, təəccüblənmərəm. Birinci qapıçı isə “Rostov”dan Rustam Yatimovdur. O, eyni zamanda millinin ən bahalı futbolçusudur.
Diqqət yetirməyə dəyər digər legioner isə dayaq yarımmüdafiəçisi Pərvizdjon Umarbayevdir. O, uzun müddətdir Bolqarıstanda çıxış edir, hazırda “Lokomotiv Plovdiv”də oynayır. Təcrübəli, solayaq futbolçudur və faktiki olaraq Tacikistanın orta xəttinin beyni və təcrübəsidir.
Daha irəlidə isə Ehson Pəncşanbeni qeyd etmək olar. O, yayda hindlilərin qapısına qol vurub. Hər iki ayağından yaxşı istifadə edir. Seçmə mərhələsində Tacikistanın heyətində qazanılan ikili mübarizələrin və yaradılan qol epizodlarının sayına görə lider olub. Deyilənə görə, o, yaxın vaxtlarda zədəsini sağaldıb.
Mənə Mehrubon Kərimov da xoş təsir bağışlayır. Gəncdir - 22 yaşı var, boyu uzundur - 1,90 metrdir, dəbli saç düzümü ilə seçilir, standart vəziyyətlərdə yaxşı sıçrayır və hava mübarizələrində başla təhlükəli oynayır.
Oyundan nə gözləmək olar?
Tacikistan millisi intizamlı, mobil komandadır və qısa ötürmələr hesabına müdafiədən hücuma sürətlə keçməyi bacarır. Cinahlardan çox yaxşı istifadə edirlər, xüsusilə sağ cinah fəaldır. Hərəkətdə iki-üç ötürmə və ardınca qapıçı meydançasının xəttinə edilən təhlükəli ara ötürməsi - onların hücumlarının əsas xüsusiyyətlərindəndir.
Nəyəsə görə, bu komanda ən yaxşı vaxtlarındakı “Qarabağ”ı xatırladır. Bu, sadəcə müdafiəyə qapanacaq komanda deyil. Pəncşanbenin və ya Umarbayevin xətlər arasında rahat şəkildə top qəbul etməsinə imkan vermək təhlükəli ola bilər.
Bununla yanaşı, taciklər topsuz çox oynamağı sevmirlər və daim qapıya arxaları dönük vəziyyətdə qalmaq məcburiyyətində olanda özlərini o qədər də rahat hiss etmirlər. Ola bilsin ki, “millimiz” üçün rəqibin qapısına gedən yollardan biri məhz burada gizlənir.
Yeri gəlmişkən, Tacikistanı daha əvvəl iki dəfə məğlub etmişik - 1993 və 2007-ci illərdə. Amma bunlar Vidadi Rzayev və Samir Əliyevin oynadığı dövrlər idi. İndi isə tamamilə başqa nəsildir.
Eldar Hüseynzadə
