Moratadan Osimhenə tərif: “Dünyanın ən yaxşı üç hücumçusundan biridir”

11 Sentyabr 2026 11:47
80
Moratadan Osimhenə tərif: “Dünyanın ən yaxşı üç hücumçusundan biridir”

Nigeriyalı hücumçu Viktor Osimhenin iştirak etmədiyi Avropa oyunlarında “Qalatasaray” futbol klubu hələ qələbə qazana bilməyib. UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sportinq”ə(3:1) məğlubiyyət də bu statistikaya əlavə olunub.

İdman.Biz xəbər verir ki, “Qalatasaray”ın sabiq hücumçusu Alvaro Morata İspaniyanın “Sporty TV” kanalına müsahibəsində Osimhen barədə xoş sözlər söyləyib:

“Viktor Osimhen dünyanın ən yaxşı üç hücumçusundan biridir. Onun “Qalatasaray”dan ayrılmasını istəmirəm. “Qalatasaray” möhtəşəm klubdur. Ümid edirəm ki, orada özünü xoşbəxt hiss edir. Hazırda dünyanın ən yaxşı üç hücumçusu Haaland, Keyn və Osimhendir”.

Osimhenin möhtəşəm insan olduğunu vurğulayan Morata sözlərinə belə davam edib:

“Viktor əfsanədir. Çox əyləncəli insandır. Həmişə hər kəsə kömək edir. Nə adamdır! O, həqiqətən möhtəşəm insandır və mənim üçün dünyanın ən yaxşı üç hücumçusundan biridir. Onunla birlikdə oynamaqdan böyük zövq alırdım. Bəzən Viktorun arxasında oynadığımı xatırlayıram. Sanki deyirdi: “Topu boşluğa at, mən də qol vurum”. Məncə, o, dünyanın ən yaxşı futbolçularından biridir”.

Qeyd edək ki, nigeriyalı hücumçunun heyətdə olmadığı oyunlarda “Qalatasaray” Avropa turnirlərində “Ayntraxt”a 1:5, “Union”a 0:1 və son olaraq “Sportinq”ə 1:3 hesabı ilə məğlub olub.

İdman.Biz