Luka Dumançiç: “Daha güclü “Araz-Naxçıvan” görəcəksiniz”

7 Sentyabr 2026 14:40
70
Luka Dumançiç: “Daha güclü “Araz-Naxçıvan” görəcəksiniz”

“Daha güclü “Araz-Naxçıvan” görəcəksiniz”.

Bunu Misli Premyer Liqasının dördüncü turunda “Qarabağ”a 2:3 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın futbolçusu Luka Dumançiç deyib.

O, qarşılaşmada bir xal qazanmaq imkanını əldən verdiklərini bildirib.

“Məğlubiyyət məni məyus edir. 1 xal qazanmaq imkanını əldən verdik. Daha yaxşısını edə bilərdik. Meydanda yaxşı mübarizə apardıq. Oyundan-oyuna daha yaxşısını göstərmək üçün çalışırıq. Hər oyun təcrübə deməkdir”, - deyə o sportify.az-a açıqlamasında söyləyib.

“Araz-Naxçıvan”da ilk qolunu vurmasından da danışan futbolçu bunu müsbət qarşılayıb:

“İlk qolu vurmaq və matçda fərqlənmək məni sevindirir. Ümid edirəm, son olmayacaq. Qolların ardı gələcək. Vurduğum qollarla komandamın qələbə qazanması və xal əldə etməsi məni daha çox sevindirər. 2:1-dən sonra fərqlənmək üçün imkanlarımız oldu. 1 xal qazanmağa yaxın idik, ancaq alınmadı. Təəssüflənirəm”.

O, son dəqiqələrdə buraxılan qolla bağlı fikirlərini də bölüşüb:

“Düşünürəm ki, yüzfaizlik epizodları qola çevirmək üçün çalışmalıyıq. Daha yaxşısını edə bilərik. Özümüzə inanmalıyıq. İnamlı olmaq önəmlidir. Çünki keyfiyyətli heyətimiz var”.

Komandanın 4 turdan sonra cəmi 1 xal toplamasına münasibət bildirən futbolçu kollektivdə hər şeyin qaydasında olduğunu vurğulayıb:

“Düzünü desəm, komanda daxilində hər şey qaydasındadır. Burada hər cür şərait var. Məşqlərdə çox çalışırıq. Komandadan çox biz bir ailəyik. Daim mübarizə ruhunda meydana çıxırıq. Son tura qədər döyüşəcəyik. Daha artığı üçün cəhd edəcəyik. Daha güclü “Araz-Naxçıvan” görəcəksiniz”.

İdman.Biz