Rafael Leao karyerasını “Qalatasaray”da davam etdirməyə çox yaxındır. Portuqaliyalı vingerin Türkiyə klubunda qazanacağı məbləğ də məlum olub.
İdman.Biz xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, “Qalatasaray” Leao-nun transferi ilə bağlı “Milan”la bütün məsələləri razılaşdırıb. Futbolçu bu gün tibbi müayinədən keçməli və müqaviləyə imza atmalıdır.
Transferin məbləği 44 milyon avro təşkil edəcək. Bundan əlavə, “Milan” futbolçunun gələcək satışından 20 faiz pay əldə edəcək.
Leao ilə Türkiyə çempionu arasında müqavilənin 2030-cu ilədək nəzərdə tutulduğu bildirilir. 27 yaşlı futbolçu İstanbul klubunda mövsümə 12 milyon avro maaş alacaq.
Qeyd edək ki, “Qalatasaray” avqustun 29-da Türkiyə Superliqasının 3-cü turunda “Göztəpə”ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
