“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sumqayıt” üzərində qazanılan 4:2 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında rəqibin mütəşəkkil oyununu xüsusi vurğulayıb.
“Futbolçularımı təbrik edirəm, göstərdikləri oyuna və qələbəyə görə təşəkkürümü bildirirəm. Dörd qol vuraraq qələbə qazanmaq da xoşdur. Qarşımızda yaxşı müdafiə olunan və təşkilatlanmış kollektiv var idi. Maraqlı və bol qollu oyun alındı. Soyuq havada stadiona gəlib komandamızı dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”, - deyə baş məşqçi söyləyib.
Qurbanov futbolçularının çalışqanlığından və intizamından razı qaldığını, çempionatda rəqabətin yüksək olduğunu da qeyd edib:
“Həvəslə üzərimizdə çalışmağa davam edirik. Çox çalışqan və intizamlı futbolçulara malikik. Çempionatda bütün rəqiblər istənilən komandaya qarşı çox ciddi hazırlaşırlar. Bu gün də bol qollu mübarizə izlədik. Belə oyunlar futbola sevgini daha da artırır”.
Qeyd edək ki, Ağdam təmsilçisi “Sumqayıt”la ardıcıl dördüncü qarşılaşmada qələbə qazanıb.
