“Slaviya”nın baş məşqçisi: “Sabah”la görüşü səbirsizliklə gözləyirəm”

28 Avqust 2026 17:23
67
“Slaviya”nın baş məşqçisi: “Sabah”la görüşü səbirsizliklə gözləyirəm”

Çexiyanın “Slaviya” klubunun baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la qarşılaşma barədə danışıb.

Trpişovski püşkatmadan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla üz-üzə gələcəyini xüsusi qeyd edib.

“Ən çox Emeri ilə görüşü səbirsizliklə gözləyirəm. Əsasən onun komandasında yaratdığı davamlılığa görə. “Sabah”ın baş məşqçisinin hekayəsi də xoşuma gəlir, bu, maraqlı görüş olacaq”, - deyə çexiyalı mütəxəssis bildirib.

O, digər rəqiblərlə bağlı da fikirlərini bölüşüb. Trpişovski “Portu”nun baş məşqçisi Françesko Farioli ilə əvvəllər, o “Ayaks”a rəhbərlik etdiyi vaxt qarşılaşdığını deyib. Mikel Arteta ilə artıq dördüncü dəfə üz-üzə gələcəyini vurğulayan mütəxəssis Vensan Kompaninin isə “Anderlext”də oynadığı vaxtdan sevimli futbolçularından biri olduğunu qeyd edib.

Trpişovski püşkatmada azarkeşlərin maraqlarını da düşündüyünü söyləyib:

“Mən püşkatmalar zamanı əsasən azarkeşləri düşünürəm. Yaxşı səfərlər, ev oyunlarının maraqlı olması vacibdir. “Arsenal” yenə də çoxlu azarkeş üçün arzu ola bilər. “Vilyarreal”, “Aston Villa” və “Lans” da maraqlı komandalardır”.

“Slaviya”nın çalışdırıcısı Çempionlar Liqasının əsas mərhələsində qələbə şanslarının olacağına inandığını da bildirib.

“Keçən il qazandığımız təcrübə bizim üçün çox faydalıdır. Bilirik ki, bəzi oyunlarda qələbəyə çox uzaq, bəzilərində isə çox yaxın olmuşuq. Daha yüksək keyfiyyət nümayiş etdirsəydik, bəzi görüşlərin öhdəsindən gələ bilərdik. Şanslarımız mütləq olacaq və biz onları reallaşdırmalıyıq. Qarşımızda çətin sınaqlar, eyni zamanda real olaraq qazana biləcəyimiz oyunlar var. Bizi nə gözlədiyini səbirsizliklə gözləyirik”, - Trpişovski əlavə edib.

İdman.Biz