Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raundunun İsrailin Beer-Şeva şəhərinin “Hapoel” və Azərbaycanın “Sabah” komandaları arasında keçirilən ilk oyunundan əvvəl Buxarestdə nominal meydan sahiblərinin azarkeşinin iştirakı ilə insident baş verib.
İdman.Biz Rumıniyanın “Antena Sport” nəşrinə istinadən xəbər verir ki, paytaxt polisinin əməkdaşları “Hapoel” azarkeşlərindən birinin avtomobilinin baqajında 80-dən çox pirotexniki vasitə aşkarlayıb.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, həmin şəxs pirotexniki vasitələri oyuna gələn digər İsrail klubunun azarkeşlərinə çatdırmaq niyyətində olub. Qadağan olunmuş əşyalar aşkarlandıqdan sonra Rumıniyanın partlayıcı maddələrlə bağlı qanunvericiliyinə uyğun olaraq lazımi sənədləşmə aparılıb və materialların cinayət təqibi orqanlarına təqdim edilməsi nəzərdə tutulub. Bununla belə, azarkeşin həbs olunması ilə bağlı rəsmi məlumat yayılmayıb.
“Juleşti” stadionunda keçirilən matç gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində baş tutub. Arenaya yalnız bilet və akkreditasiyası olan şəxslərin girişinə icazə verilib. Jandarma stadionun daxilində, o cümlədən müxtəlif otaqlarda və texniki zonalarda əlavə yoxlamalar həyata keçirib. Azarkeşlərə Rumıniya qanunvericiliyinin tələblərinə, xüsusilə pirotexniki vasitələrin stadiona gətirilməsinə qoyulan məhdudiyyətlərə riayət etmək barədə xəbərdarlıq edilib.
Qarşılaşmanın təşkilində digər diqqətçəkən məqam isə biletlərin satışına qoyulan məhdudiyyət olub. UEFA-nın Rumıniya mediasına təqdim etdiyi məlumata görə, “Hapoel”in təhlükəsizlik səbəbindən qəbul etdiyi qərarla biletlər yalnız İsrail klubunun azarkeşlərinə satılıb və yerli rumıniyalı tamaşaçıların oyuna girişinə imkan verilməyib.
Qeyd edək ki, bu cür məhdudiyyət neytral meydanda keçirilən oyunlar üçün UEFA-nın ümumi qaydası deyil. Təşkilatın reqlamentinə əsasən, belə qarşılaşmalarda hər iki komandanın azarkeşləri ilə yanaşı, yerli neytral azarkeşlərin də stadionda olması mümkündür. Buna görə də “Hapoel” – “Sabah” oyunu ilə bağlı qəbul edilən qərar xüsusi xarakter daşıyıb və təhlükəsizlik tədbirləri ilə əlaqələndirilib.
Xatırladaq ki, komandalar arasında ilk görüş “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması 25 avqustda Bakıda keçiriləcək.
