“Özümü yaxşı hiss edirəm. Uzun müddətdən sonra yaşıl meydanlara qayıtdığım üçün çox şadam. Ümid edirəm ki, belə bir zədə bir daha olmaz”.
Bunu uzunmüddətli zədədən sonra “Şamaxı”ya qarşı Misli Premyer Liqasının ilk tur matçında meydançaya çıxan “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.
Təcrübəli müdafiəçi UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderland “Tvente”sinə qarşı görüşlərdə komandasının şanslarını bərabər qiymətləndirib.
“Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. “Qarabağ” olaraq, belə görüşlərə çox çıxmışıq. Ümidvaram ki, əsas mərhələyə yüksələn tərəf biz olacağıq”, - deyə o sportify.az-a açıqlamasında söyləyib.
Mustafazadənin sözlərinə görə, ötən mövsümün sonlarında zədələndikdən sonra başqa klublara keçidinə dair heç bir söhbət olmayıb:
“Açığı, özümə də çox maraqlı deyildi. Bütün fikrim zədəmi sağaltmaqda idi. Sonda futbola qayıtdığım üçün sevinirəm. Qarşıda bizi yaxşı mövsüm gözləyir”.
Xatırladaq ki, Bəhlul Mustafazadə “Qarabağ”ın “Şamaxı”nı 3:1 hesabı ilə məğlub etdiyi görüşün 74-cü dəqiqəsində meydançaya daxil olub.
