“Turan Tovuz” futbol klubunun baş məşqçisi Qurban Berdıyev karyerasını Rusiyada davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssisin Moskvanın “Lokomotiv” futbol komandasının baş məşqçisi vəzifəsinə namizədlərdən biri olduğu bildirilir. Bu barədə rusiyalı futbol agenti Timur Qurtska “Qardaş, bu futboldur!” (Это футбол, брат!) verilişində danışıb.
Onun sözlərinə görə, “Lokomotiv”də Mixail Qalaktionovun mümkün istefası fonunda Berdıyevin adı klubla hallanır.
“Bir namizədin adı dolaşır, amma mən buna inanmıram. Qurban Berdıyev haqqında danışırlar. Qulağımın ucuyla eşitmişəm ki, Qurbanla bağlı belə söhbətlər var. Bəli, o, Azərbaycan çempionatında çalışır, amma yəqin ki, onu oradan gətirmək, məsələn, Çerçesovu “Axmat”dan götürməkdən daha asandır”, - deyə Qurtska bildirib.
“Lokomotiv” Rusiya Premyer Liqasında mövsümə uğursuz başlayıb. Moskva təmsilçisi ilk üç turdan sonra iki xal toplayaraq turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Qalaktionov 2022-ci ildən komandaya rəhbərlik edir və onun müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Turan Tovuz” rəhbərliyi bir neçə gün əvvəl Qurban Berdıyevlə müqavilənin daha iki il uzadıldığını açıqlayıb. 73 yaşlı mütəxəssis ötən mövsüm Tovuz təmsilçisi ilə Azərbaycan çempionatının bürünc medallarını qazanıb və danışılmış oyunlara görə sonu uğursuzluqla nəticələnsə belə, komandanı uzun fasilədən sonra avrokuboklara çıxarıb.
