“Sabah” futbol klubunun mövsümlərarası fasilədə heyətinə qatmaq istədiyi Henri Onyekurunun yeni klubu müəyyənləşib.
İdman.Biz xəbər verir ki, nigeriyalı vinger karyerasını Türkiyədə davam etdirəcək.
29 yaşlı futbolçu “Bursaspor”la razılığa gəlib. Türkiyə mətbuatının məlumatına görə, tərəflər 1+1 illik müqavilə üzrə anlaşma əldə ediblər.
Onyekuru iyul ayında Ankara təmsilçisi olan “Gənclərbirliyi” futbol klubundan ayrılıb və sərbəst futbolçu statusu alıb. O, ötən mövsüm Ankara təmsilçisinin heyətində 19 oyunda meydana çıxıb.
Qeyd edək ki, “Sabah”ın may ayında Henri Onyekuru ilə maraqlandığı barədə məlumat yayılmışdı. Bakı təmsilçisi hücum xəttini gücləndirmək üçün 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyirdi.
Maliyyə şərtləri ilə bağlı razılıq əldə olunmadığı üçün Onyekurunun “Sabah”a keçidi baş tutmayıb.
Qeyd edək ki, nigeriyalı futbolçu “Bursaspor”da Azərbaycan millisinin üzvü Toral Bayramovla komanda yoldaşı olacaq.
Onyekuru karyerası ərzində “Everton”, “Anderlext”, “Qalatasaray”, “Monako”, “Olimpiakos” və “Adana Dəmirspor” kimi klublarda çıxış edib.
