Malayziyanın “Johor Darul Ta'zim” futbol komandasında çıxış edən “Qarabağ”ın sabiq müdafiəçisi Kevin Medina “Çelsi”yə qarşı yoldaşlıq oyununda meydana çıxa bilər.
İdman.Biz xəbər verir ki, komandalar avqustun 9-da İskandar Puteridə yerləşən “Sultan İbrahim” stadionunda qarşılaşacaqlar.
Malayziyalı futbol mütəxəssisi Hasnizam Uzir bildirib ki, JDT üçün İngiltərə Premyer Liqasının nəhənglərindən biri ilə oynamaq böyük təcrübə olacaq. Onun sözlərinə görə, nəticədən asılı olmayaraq, Malayziya klubunun futbolçuları yüksək tempdə oynayan rəqibə qarşı özlərini sınamaq imkanı əldə edəcəklər.
Hasnizam hesab edir ki, JDT-nin baş məşqçisi Xisko Munyos qarşılaşmaya mümkün olan ən güclü heyətlə çıxacaq. O, komandanın yeni legionerləri - iranlı Şahab Zahedi, sloveniyalı Deyan Petroviç və kolumbiyalı müdafiəçi Kevin Medinanın da heyətdə yer alacağını bildirib.
Hasnizam JDT-nin İspaniyada keçirdiyi mövsümöncəsi hazırlıqdan sonra “Çelsi” ilə matça hazır olduğunu və Malayziya təmsilçisinin sürpriz nəticə qazana biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Kevin Medina 2026-cı ilin yayında “Qarabağ”dan ayrılaraq “Johor Darul Ta'zim”ə keçib. Kolumbiyalı müdafiəçi 2022-ci ildən çıxış etdiyi Azərbaycan təmsilçisinin heyətində ölkə çempionu olub və avrokuboklarda mübarizə aparıb. O, Ağdam təmsilçisinin heyətində 121 oyun keçirib və üç qol vurub.
