“Qarabağ” yenilənmiş heyəti ilə bu mövsüm necə təsir bağışlayacaq? - İDMAN.BİZ-in TƏHLİLİ

3 İyul 2026 14:20
62
“Qarabağ” yenilənmiş heyəti ilə bu mövsüm necə təsir bağışlayacaq? - İDMAN.BİZ-in TƏHLİLİ

Ağdamın “Qarabağ” klubu Avstriyadakı təlim-məşq toplanışını başa vurub. Ölkə çempionatının gümüş mükafatçısı burada üç yoxlama oyunu keçirərək yeni transferləri sınaqdan keçirib.

İdman.Biz xəbər verir ki, “Qarabağ” artıq iyulun 9-da UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubuna qarşı ev matçı ilə mövsümə start verəcək. Cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.

Ağdam təmsilçisi bu qarşılaşmalara nəzərəçarpacaq dərəcədə yenilənmiş heyətlə hazırlaşıb. Klub Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliçi Xorvatiyanın “Riyeka” klubundan, Mozambik millisinin sol cinah müdafiəçisi Bruno Lanqanı İspaniyanın “Almeriya”sından, yamaykalı vinger Renaldo Sefası Rusiyanın “Pari NN” klubundan, qambiyalı hücumçu Zakariya Savonu İsveçin “Yurqorden” klubundan, fransalı hücumameyilli yarımmüdafiəçi Jali Muaddibi Kiprin “Omoniya Aradippu” klubundan, portuqaliyalı yarımmüdafiəçi Samuel Lobatonu isə “Portimonense”dən transfer edib.

Komandanı tərk edənlər də az deyil və onların arasında əsas fiqurlar var. Kabo-Verde millisinin üzvü Leandro Andrade Ukraynanın “Polesye” klubuna keçib, azərbaycanlı universal futbolçu Toral Bayramov karyerasını Türkiyənin “Bursaspor” komandasında davam etdirib. Kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina, xorvatiyalı qapıçı Fabian Buntiç, azərbaycanlı qolkiper Amin Ramazanov, qanalı vinger Emmanuel Addai və Azərbaycan millisinin sabiq hücumçusu Ramil Şeydayev də komandanı tərk ediblər. Bundan başqa, mərakeşli müdafiəçi Sami Mmaenin icarə müqaviləsi başa çatıb və o, Zaqreb “Dinamo”suna qayıdıb.

Toplanışın ən böyük müsbət cəhəti hücum xəttindəki oyun oldu. İlk yoxlama matçında “Qarabağ” Avstriyanın “Tirol” klubunu 4:0 hesabı ilə darmadağın etdi. Xüsusilə Savo het-triki ilə diqqət çəkdi. Bu, hücumçu üçün mühüm siqnaldır. O, “Yurqorden”də uğursuz dövr keçirərək 18 oyunda cəmi bir qol vurmuşdu. Daha sonra AEL-də özünü bərpa etdi və Kipr çempionatında 18 matçda 9 dəfə fərqləndi. İndi isə “Qarabağ”dakı ilk sınağında da yaxşı formada olduğunu göstərdi.

Lakin toplanış yenilənmənin digər tərəfini də üzə çıxardı. Ukraynanın “Xarkov” klubuna qarşı keçirilən yoxlama görüşündə ağdamlılar 2:6 hesabı ilə məğlub oldular. Komandanın qollarından birini Muaddib vurdu. Həmin oyunda Lobato da meydana çıxmışdı. Qeyd edək ki, bu qarşılaşmada “Qarabağ” əsas heyətlə çıxış etməmişdi. Son yoxlama matçında isə komanda Macarıstanın “Ferentsvaroş” klubuna 0:1 hesabı ilə uduzdu. Mövsümöncəsi hazırlıq mərhələsində nəticələr ikinci planda olsa da, 4:0 və 2:6 arasındakı fərq komandanın hazırkı durumunu aydın göstərir: hücum potensialı artıq görünür, lakin rotasiya zamanı müdafiə balansı hələ də ideal səviyyədən uzaqdır.

Hücum xəttində ən ağrılı itki Andradenin gedişidir. O, “Qarabağ”ın heyətində 213 oyun keçirib, 60 qol vurub və klubun uğurlu avrokubok dövrünün simvollarından birinə çevrilib. Andrade sadəcə cinah oyunçusu deyildi. O, komandaya sürət, qol, xətlər arasında hərəkətlilik və epizodları uzun hazırlıq olmadan həll etmək bacarığı qazandırırdı.

Sefas isə Andradenin birbaşa əvəzləyicisi kimi yox, fərqli hücum keyfiyyətləri gətirəcək futbolçu təsiri bağışlayır. O, daha çox sol cinahda çıxış edir, sağ ayaqlıdır, lakin həm sağ cinahda, həm də hücumun mərkəzində oynaya bilir. “Pari NN”də statistikası təvazökar olub – bütün turnirlərdə 29 oyunda 1 qol və 3 məhsuldar ötürmə. Buna görə də ondan lideri dərhal əvəz etməsi deyil, sürət, müdafiənin arxasına qaçışlar və rəqib müdafiəsini genişləndirmək bacarığı gözlənilir. Əsas sual isə son toxunuşlardakı sabitlikdir.

Savo isə meydanda artıq ilk cavabını verib. Boyu 1,85 metr olan sağ ayaqlı futbolçu mərkəz hücumçusu kimi çıxış edir, zərurət yaranarsa cinahda da oynaya bilir. Bu xüsusiyyət onu “Qarabağ”ın əvvəlki hücumçularından fərqləndirir. Əvvəlki hücum xəttində kombinasiyalı oyun, driblinq və yarımcinahlarda hərəkət daha çox qiymətləndirilirdi. Savo isə komandaya daha şaquli oynamaq, cinah ötürmələrindən istifadə etmək və cərimə meydançasında təzyiq yaratmaq imkanı verir.

Muaddib hücumameyilli yeni transferlər arasında ən universal futbolçudur. O, həm sol, həm sağ cinahda, həm də hücumçunun arxasında oynaya bilir və hər iki ayağından istifadə edir. Ötən mövsüm “Omoniya Aradippu”nun heyətində 31 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib. “Xarkov”la matçda vurduğu qol kiçik, lakin vacib siqnaldır: keçiddən sonra oyun ritmini itirməyib.

Yeni transfer olunan meydan oyunçularının antropometrik göstəriciləri də diqqət çəkir. Savonun boyu 1,85 metr, Lobatonunki 1,84 metr, Muaddibinki isə 1,81 metrdir. Ola bilsin ki, bu təsadüfi detal deyil, Qurban Qurbanovun dəyişən yanaşmasının göstəricisidir. “Qarabağın topa nəzarət və cinah kombinasiyalarından imtina edəcəyi inandırıcı görünmür. Lakin daha hündürboy futbolçuların seçilməsi komandaya hava toplarında mübarizə, cərimə meydançasında təzyiq, ikinci templə oyun, daha aqressiv pressinq və ikili mübarizələrdə üstünlük kimi yeni alətlər qazandırmaq istəyindən xəbər verə bilər.

Bu, daha dərin dəyişikliklərin əlaməti də ola bilər. Əvvəlki “Qarabağ” tempi, topa nəzarəti, cinah kombinasiyaları və Zubir, Kadi, Andrade, Yankoviç, Toral kimi futbolçuların incə oyun keyfiyyətləri hesabına üstünlük qazanırdı. Yeni futbolçular isə Qurbanova daha birbaşa futbol oynamaq imkanı verir: topu daha tez irəli çatdırmaq, hücumçunu daha çox axtarmaq, ikinci toplar uğrunda aqressiv mübarizə aparmaq və fiziki üstünlükdən istifadə etmək. Başqa sözlə, söhbət əvvəlki oyun üslubundan tam imtinadan yox, onu daha müxtəlif və qısa ötürmələrdən, eləcə də cinahlardakı fərdi ustalıqdan daha az asılı vəziyyətə gətirmək cəhdindən gedir.

Lobato da məhz bu ideyaya uyğun futbolçudur. O, sağ ayaqlı mərkəz yarımmüdafiəçisidir və daha irəlidə də oynaya bilir. “Portimonense”də əsasən rotasiya oyunçusu olsa da, kifayət qədər matç təcrübəsi qazanıb. “Qarabağ” üçün o, hazır ulduz kimi deyil, Qurbanovun mərkəz xəttində seçim imkanlarını genişləndirəcək futbolçu kimi vacibdir. Xüsusilə enerji, pressinq və xətlər arasında dinamizm tələb olunan oyunlarda.

Lanqa mövqe baxımından Toralı əvəz etmək üçün məntiqli seçim təsiri bağışlayır. O, ixtisaslaşmış sol cinah müdafiəçisidir, Bayramov isə daha universal futbolçu idi və “Qarabağ”ın daxili oyun mexanizmini daha yaxşı bilirdi. Bununla belə, Lanqa sol cinahda genişlik və təbii balans təmin edə bilər. Xüsusilə qarşısında mərkəzə meyillənən vinger çıxış edəcəyi halda.

Ən narahatedici mövqe isə mərkəz müdafiəsidir. Medina altı ildən sonra “Qarabağ”ı tərk edib, Mmae isə Zaqreb “Dinamo”suna qayıdıb. Rəsmi transferlər arasında Medinanı birbaşa əvəz edəcək futbolçu yoxdur. Buna görə də onun yoxluğu təkcə yeni transferlə deyil, bütün müdafiə sisteminin yenidən qurulması ilə kompensasiya olunmalıdır. Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov və dayaq yarımmüdafiəçilərinin rolu daha da artacaq. Bununla yanaşı, Medinanın mövqeyinə yeni transferin gəlməsi də istisna edilmir.

Yankoviçin gedişi də az əhəmiyyət daşımır. Monteneqrolu yarımmüdafiəçi “Qarabağ”ın orta xəttinin əsas fiqurlarından biri idi. O, oyunun qurulmasına, tempə nəzarətə və topun irəli daşınmasına cavabdeh idi. Onun itkisi yarımmüdafiə üçün Medinanın müdafiə mərkəzi üçün yaratdığı boşluq qədər əhəmiyyətlidir. Formal olaraq yeni transferlər arasında onun roluna ən yaxın futbolçu Lobatodur. Hər ikisi mərkəz yarımmüdafiəçisidir, lakin oyun üslubları fərqlidir. Boyu 1,84 metr olan Lobato isə daha güclü və fiziki cəhətdən üstün futbolçudur. O, komandaya daha çox iş həcmi, pressinq və mübarizə əlavə edə bilər. Buna görə də söhbət birbaşa əvəzləmədən deyil, mərkəz xəttinin fərqli oyun modelinə uyğun yenidən qurulmasından gedir.

Avstriya toplanışının əsas nəticəsi budur: “Qarabağ” həqiqətən də fərqli komandaya çevrilə bilər. Hücum xəttində sürət, universallıq və fiziki güc artıb. Lakin komanda Qurbanovun sistemini illərlə mənimsəmiş bir neçə vacib futbolçusunu itirib. Lanqa Toralın mövqeyini doldura bilər, Savo artıq qol vurmaq potensialını göstərib, Muaddib və Sefas cinahlarda yeni seçimlər yaradır. Amma Andradenin, Medina kimi futbolçuların yoxluğunu avtomatik şəkildə kompensasiya etmək mümkün deyil.

Məhz buna görə də “Vestri” ilə oyun təkcə mövsümün ilk rəsmi sınağı olmayacaq. Bu qarşılaşma yenilənmiş “Qarabağ”ın yaydakı genişmiqyaslı dəyişikliklərdən sonra oyun kimliyini nə qədər tez qoruya biləcəyinin də göstəricisi olacaq. Ağdam təmsilçisi cütün favoriti hesab olunur. Lakin əsas intriqa İslandiya klubu ilə iki oyundan ibarət qarşıdurmadan daha genişdir: yeni transferlər Qurban Qurbanovun sisteminə kifayət qədər tez uyğunlaşa biləcəklərmi ki, komanda təkcə yenidən UEFA Avropa Liqasının liqa mərhələsinə yüksəlməsin, həm də turnirdə pley-off uğrunda mübarizə aparsın? Bu sualın cavabını azarkeşlər artıq yaxın həftələrdə almağa başlayacaqlar.

İdman.Biz