Evra Qvardiolanın gedişinə üzüldü: “Sevinməyin”

25 May 2026 08:35
116
Evra Qvardiolanın gedişinə üzüldü: “Sevinməyin”

İngiltərənin “Mançester Yunayted” futbol klubunun sabiq müdafiəçisi Patris Evra Pep Qvardiolanın “Mançester Siti”dən ayrılması ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz “Goal”a istinadən xəbər verir ki, fransalı sabiq futbolçu Qvardiolanın gedişinə sevinmədiyini və onun işinə böyük hörmət etdiyini bildirib.

“Mənə kədərlidir. Əsl məşqçinin getməsinə görə məyusam. Onun işinə çox hörmət edirəm. Niyə sevinməliyəm? Bu klubun strukturu istənilən futbolçu və ya məşqçidən daha güclüdür. Ona görə də, uşaqlar, buna sevinməyin. Birincisi, bayram etməyə tələsməyin, bundan sonra “Siti”nin çökəcəyini təsəvvür edə bilmirəm”, - deyə Evra bildirib.

O, Qvardiolanı böyük məşqçi adlandırıb və futbolun belə mütəxəssisi itirməsinin təəssüf doğurduğunu vurğulayıb:

“Belə böyük məşqçinin aramızdan ayrılması üzücüdür. Onun Premyer Liqada qalacağını, yoxsa başqa yerə gedəcəyini bilmirəm. Futbolun Pep Qvardiolanı itirməsi təəssüf doğurur”.

Qeyd edək ki, “Mançester Siti” Qvardiola ilə son Premyer Liqa matçında “Aston Villa”ya 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz