Futbol üzrə Misli Premyer Liqasının 33-cü turunda “Zirə” üçün əlamətdar göstərici qeydə alınıb.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi səfərdə “Araz-Naxçıvan”la keçirilən oyunda Premyer Liqadakı 400-cü qolunu vurub.
Yubiley qoluna Junior Martins imza atıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran onuncu komanda olub.
Qəsəbə komandasının 400-cü qolu Premyer Liqadakı 337-ci matçına təsadüf edib. “Zirə” bu qolların 218-ni evdə, 182-ni isə səfərdə vurub.
2015/2016 mövsümündə Premyer Liqada debüt edən klubun yüksək dəstədə ilk qolunu Viktor İqbekoyi vurub. O, 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda fərqlənib. Həmin görüşdə “Zirə” 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Zirə” “Araz-Naxçıvan”la səfər matçında 2:3 hesabı ilə məğlub olub.
