“Şamaxı” öz meydanında ağır məğlubiyyətlərə davam edir

5 May 2026 11:02
107
“Şamaxı” öz meydanında ağır məğlubiyyətlərə davam edir

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Misli Premyer Liqasının 30-cu turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub.

Komanda 363-cü ev oyununda buna üzülüb.

“Şamaxı” tarixində bir mövsümdə üçüncü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Bunadək antirekord iki belə nəticənin yaşandığı 2022/2023 mövsümündə qeydə alınmışdı.

Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/2001 mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.

İdman.Biz
Məqalədə: