Türkiyə futbol millisinin DÇ-2026-ya vəsiqə qazanması ölkədə böyük bayramla yanaşı, həm də rekord məbləğdə mükafatlarla müşayiət olunur. Komandanın bu uğuru həm federasiya, həm də iş dünyası tərəfindən yüksək qiymətləndirilib.
İdman.Biz Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dünya Çempionatında iştirak hüququ qazanan yığma 13 milyon avro (26 milyon AZN) məbləğində təminatlı gəlir əldə edəcək. Bu məbləğ turnir öncəsi komandanın büdcəsinə ciddi maliyyə töhfəsi olacaq.
Ən diqqətçəkən mükafat isə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlundan gəlib. O, milli komandanın hər bir futbolçusuna Muğlada dəyəri 2-3 milyon dollar (3.40 - 5.10 milyon AZN) arasında dəyişən lüks villalar hədiyyə edəcək. Bundan əlavə, iş adamı Hakan Safi də komandaya 1 milyon avro (2 milyon AZN) məbləğində xüsusi mükafat paylayacağını açıqlayıb.
Xatırladaq ki, Türkiyə millisi pley-off mərhələsində Kosovonu məğlub edərək 24 illik fasilədən sonra dünya birinciliyinə vəsiqə qazanıb.
