Polşalı hücumçu Robert Levandovski müasir futbol akademiyalarının hücumçuların inkişafına yanaşmasını tənqid edib.
İdman.Biz xəbər verir ki, Rio Ferdinandın podkastının qonağı olan polşalı ulduzun sözlərinə görə, hazırkı akademiyalar bir-birinə çox bənzəyən oyunçular yetişdirir və bu, böyük hücumçuların formalaşmasını çətinləşdirir.
Təcrübəli hücumçu hesab edir ki, yüksək səviyyəli forvard olmaq üçün fərqli düşüncə tərzi və güclü instinktlər vacibdir.
“Böyük hücumçu olmağı akademiyada öyrənmək mümkün deyil. Akademiyalar çox vaxt bir-birinə bənzəyən futbolçular yetişdirir. Halbuki hücumçu fərqli düşünməli, komandanın etdiyi şeyləri təkrarlamamalıdır”, - deyə R.Levandovski bildirib.
O əlavə edib ki, müasir futbol məktəblərində tədris üsulları getdikcə daha çox bir-birini təlqinetmə prinsipi ilə işləyir və bu, futbolun yaradıcılıq tərəfinə mənfi təsir göstərir.
“Əlbəttə, hələ də fərqli və qeyri-adi oyunçular var. Amma əvvəlki illərlə müqayisədə onların sayı azdır. Akademiyalar demək olar ki, eyni tip futbolçular yetişdirir, sanki fabrik kimi işləyir. Halbuki hücumçu mövqeyi tam fərqlidir”, - deyə o vurğulayıb.
Levandovskinin fikrincə, əsl forvard digərlərindən fərqli düşünməyə cəsarət etməlidir.
“Hər kəsin etdiyini edə bilməzsiniz. Hücumçu topun hara düşəcəyini və hara hərəkət etməli olduğunu hiss etməlidir. Çünki meydanda bunu həqiqətən bilən yeganə oyunçu odur. Bu isə instinktdir”, - deyə ulduz futbolçu qeyd edib.
