İspaniyanın “Real” klubunda sular durulmur. La Liqanın son turunda doğma meydanda “Xetafe”yə 0:1 hesablı şok məğlubiyyət Madrid klubunda böhranın görünməyən tərəflərini də üzə çıxarıb. Final fitindən sonra tribunalardan yüksələn “Florentino, istefa!” şüarları təkcə bir oyunun yox, son aylarda ard-arda verilən yanlış qərarların nəticəsidir.
İdman.Biz xəbər verir ki, klub daxilindəki gərginlik yanvar ayında Xabi Alonsonun gözlənilmədən istefaya göndərilməsi ilə başlayıb. İspaniya Superkubokunun finalında “Barselona”ya məğlubiyyətdən cəmi bir neçə saat sonra rəhbərlik əfsanəvi futbolçu ilə yolları ayırdığını açıqlayıb. Alonsonun yerinə gətirilən Alvaro Arbeloa isə hələ ki, azarkeşlərin və rəhbərliyin etimadını doğrulda bilmir.
Niyə məhz indi? 12 oyunda 4 məğlubiyyət
“Real”ın son 12 qarşılaşmada 4 dəfə meydanı məğlub tərk etməsi (o cümlədən son iki turda “Osasuna” və “Xetafe”yə uduzması) komandadakı sistem problemini ifşa edib. Avropa mediası bu uğursuzluğun bir neçə səbəbini vurğulayır. Bunlardan biri Alonso mirasının dağılmasıdır. Xabi Alonsonun qurduğu taktiki nizamın Arbeloa tərəfindən qoruna bilməməsi komandanın hücum xəttindəki yaradıcılığını itirməsinə səbəb olub. Digər səbəb isə Mbappe və Bellinqemin itkisidir. Onların zədə səbəbindən mühüm matçları buraxması “Real”ı hücumda “dişsiz qoyub”. “Xetafe” ilə oyunda 80%-ə yaxın topa sahib olmağa baxmayaraq, qol vura bilməmək bu boşluğun ən bariz nümunəsidir. Ən son səbəb isə psixoloji gərginlikdir. Kral Klubunun həm Kral Kubokundan kənarlaşması, həm də La Liqada “Barselona”dan dörd xal geri qalması oyunçular üzərindəki təzyiqi artırıb.
“Neqreyra işi” - Florentino Peresin xilas kəməri?
Böhranın dərinləşdiyi bir məqamda “Real” rəhbərliyinin “Neqreyra işi”ni (“Barselona”nın hakim komitəsinin keçmiş rəsmisinə ödəniş etməsi) yenidən manşetlərə çıxarması təsadüfi sayılmır. Beynəlxalq təhlilçilər hesab edir ki, bu, Peresin azarkeşlərin diqqətini öz üzərindən yayındırmaq üçün istifadə etdiyi strateji gedişdir.
“Real” son günlərdə “Barselona”nın 2010-2021-ci illər üzrə maliyyə auditlərinə çıxış tələb etsə də, məhkəmə bu istəyi rədd edib. Buna baxmayaraq, Madrid klubu UEFA-ya təzyiq göstərərək əzəli rəqibinin avrokuboklardan kənarlaşdırılması üçün mübarizəsini davam etdirir. Laporta isə bu hücumları “Real”ın institusional qorxusu” adlandıraraq cavab verib.
Xatırladaq ki, “Neqreyra işi” çərçivəsində “Barselona”nın 2001-2018-ci illər arasında 8.4 milyon avro (təxminən 16.8 milyon AZN) ödəniş etdiyi iddia edilir.
