Türkiyənin “Qalatasaray” klubunda çıxış edən 27 yaşlı Viktor Osimhen vaxtilə “Napoli”də ona qarşı münasibətin dəyişdiyini və klubun ona “it kimi davrandığını” söyləyib.
İdman.Biz xəbər verir ki, nigeriyalı hücumçu 2023-cü ildə A Seriyasında çempionluğa böyük töhfə versə də, həmin ilin sentyabrında sosial şəbəkədə yayılan qalmaqallı video münasibətlərin qırılma nöqtəsi olub. “Napoli”nin rəsmi TikTok hesabında Osimhenin qaçırdığı penalti ilə bağlı paylaşım geniş tənqid olunmuş, futbolçu bunu irqçi məzmunlu və alçaldıcı hesab etmişdi.
Osimhen "Gazzetta dello Sport"a açıqlamasında bildirib ki, həmin hadisədən sonra klubda qalmaq istəməyib. Onun sözlərinə görə, “Yuventus” onu heyətinə qatmaq üçün maraq göstərib və keçmiş idman direktoru Ciuntoli transfer üçün əlaqə saxlayıb. Lakin “Napoli”nin prezidenti Aurelio De Laurentisin onu buraxmaq istəmədiyini bildiyi üçün keçid baş tutmayıb.
Hücumçu xüsusilə sosial mediada yayılan videodan sonra münasibətlərin dəyişdiyini vurğulayıb.
Osimhen qeyd edib ki, penalti qaçırmaq hər futbolçunun başına gələ bilər, lakin klubun onu açıq şəkildə məsxərəyə qoyması qəbulolunmaz idi. O, irqçi eyhamlara məruz qaldığını və bundan sonra ayrılmaq qərarı verdiyini bildirib. Futbolçu həmçinin “Instagram” hesabından “Napoli” forması ilə olan fotolarını sildiyini, bundan sonra isə bəzi şəxslərin azarkeşləri ona qarşı qızışdırdığını deyib.
O, klub rəhbərliyinin ictimai şəkildə üzr istəmədiyini də vurğulayıb. Yalnız Edoardo De Laurentisin onunla əlaqə saxladığını bildirib.
Osimhen 2023-cü ilin dekabrında müqaviləsini uzatsa da, bunun yalnız transfer dəyərini qorumaq məqsədi daşıdığını açıqlayıb. Onun sözlərinə görə, növbəti yay ayrılmaq barədə “centlmen razılaşması” olub, lakin bu öhdəliyə tam əməl edilməyib.
“Məni ora-bura göndərməyə çalışırdılar, mənə it kimi davranırdılar. Karyeramı qurmaq üçün çox çalışmışam və belə münasibəti qəbul edə bilməzdim. Mən kukla deyiləm”, - deyə Osimhen söyləyib.
Baş məşqçi Antonio Konte isə onu komandada saxlamağa çalışsa da, futbolçu qərarını dəyişməyib. Osimhen qeyd edib ki, Konte onun qalmasını istədiyini açıq şəkildə deyib, lakin o, xoşbəxt olmadığı mühitdə qalmaq istəməyib.
Beləliklə, 2022/23 mövsümündə bütün turnirlərdə 31 qol vuraraq A Seriyasının bombardiri olan Osimhenlə “Napoli” arasındakı münasibətlər qalmaqallı şəkildə başa çatıb.
