Təbrizin "Traktor" komandası xorvatiyalı Draqan Skoçiçin klubdan ayrılmasından sonra yeni məşqçisinin adını açıqlayıb.
İdman.Biz xəbər verir ki, komandaya Məhəmməd Rabiei gətirilib. O, bundan əvvəl “Xeybər Xürrəmabad” komandasının baş məşqçisi olub.
14:22
Təbrizin “Traktor” klubunun baş məşqçisi Draqan Skoçiç komanda ilə yollarını ayırdığını açıqlayıb və azarkeşlərə emosional vida mesajı ünvanlayıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis paylaşımında ilk olaraq İran xalqının yaşadığı ağır itkilərə toxunub. O bildirib ki, bir çox iranlının yaxınlarını itirməsinin yasını tutduğu bir vaxtda belə paylaşım etmək uyğun görünməyə bilər və zərər çəkmiş bütün ailələrə ən dərin hüznlə başsağlığı verib.
Baş məşqçi daha sonra “Traktor” azarkeşlərinə təşəkkür edib:
“Məni özünüzdən biri kimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Burada yaşadığım hisslər sözlərlə tam ifadə oluna bilməyəcək qədər dərindir. Buradakı fəslim başa çatır, lakin sizə olan hörmətim və minnətdarlığım əbədi qalacaq. Sizin məşqçiniz olmaq həqiqətən böyük şərəf və imtiyaz idi”.
Skoçiç müraciətini “Yaşasın Traktor” ifadəsi ilə yekunlaşdırıb.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis “Traktor” komandasının 2024/2025 mövsümündə İran çempionu edib. Komanda hazırda lider "Gol Gohar"dan bir xal geridir və bir oyun az keçirməklə Pro Liqada 35 xalla ikinci pillədə qərarlaşıb.
