“Sportinq” və “Mançester Yunayted” klublarının sabiq futbolçusu Luiş Nani uşaqlıq illərində Kriştianu Ronaldunun necə biri olduğunu xatırlayıb.
Futbolçunun açıqlamasını “FourFourTwo” nəşri yayıb.
“Biz arzu edir və bir gün peşəkar futbolçu olmağa can atırdıq. Amma eyni zamanda başa düşürdük ki, buna həqiqətən nail olmayınca hər şey sadəcə arzu olaraq qalır. Bir anda hadisələr çox sürətlə inkişaf etməyə başladı - özümüzü göstərmək üçün imkanlar yarandı və biz bundan yararlandıq. Hələ gənc yaşlarımızda nümayiş etdirdiyimiz fədakarlıq sonda həlledici rol oynadı.
O, hətta uşaq ikən də digərlərindən seçilirdi. Kriştianu hər zaman hara doğru getdiyini dəqiq bilirdi. O, futbolla böyük ehtirasla yaşayırdı - uduzanda və ya nəsə istədiyi kimi alınmayanda ağlaya bilirdi. Bu isə onun oyuna nə dərəcədə sadiq olduğunu və futbola hansı intensivliklə yanaşdığını göstərirdi”, - deyə Nani açıqlamasında bildirib.
