“Araz-Naxçıvan”ın Azərbaycan çempionatının 19-cu turunda “Sabah”la oyuna gecikməsinin səbəbi müəyyənləşib.
Bu barədə İdman.Biz-ə klubun mətbuat katibi Mahal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, gecikmə baş məşqçi Andrey Demçenkonun oyunöncəsi iclası ilə bağlı olub və komanda meydana təxminən iki dəqiqə gec çıxıb.
“Bu, klubumuzun tarixində ilk belə hadisədir. Sadəcə, baş məşqçi vaxtı düzgün hesablamayıb”, - deyə Mahal Məmmədov bildirib.
AFFA gecikməni nəzərə alaraq “Araz-Naxçıvan”ı 3 000 manat məbləğində cərimələyib. Beləliklə, Demçenkonun əlavə təlimatının hər dəqiqəsi kluba 1500 manata başa gəlib.
