"İnter Mayami"nin kapitanı Lionel Messi aldığı zədə ilə əlaqədar Puerto Riko sakinlərinə müraciət edib və planlaşdırılan görüşün baş tutmayacağı üçün üzr istəyib.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçu azarkeşlərə videomüraciətində onların həm məşqə, həm də oyuna böyük maraq göstərdiyini bildiyini deyib.
Messi son matçda narahatlıq hiss etdiyini və bu səbəbdən qarşılaşmanı vaxtından əvvəl tərk etdiyini vurğulayıb. Onun sözlərinə görə, təşkilatçılar və klubla birlikdə görüşün təxirə salınması qərarı qəbul edilib.
Ulduz futbolçu oyunun gələcəkdə yenidən təşkil olunacağına ümid etdiyini, azarkeşlərlə tezliklə görüşmək və onları ziyarət etmək istədiyini əlavə edib. Messi bilet alan hər kəsə dəstək və sevgiyə görə təşəkkürünü çatdırıb.
Qeyd edək ki, tibbi testlər nəticəsində Messinin sol budun arxa əzələsində dartınma olduğu aşkarlanıb.
