Rəşad Sadıqov: “Büdcə imkanlarına baxmayaraq mövcud heyətdən razıyam”

9 Fevral 2026 01:35
113
Rəşad Sadıqov: “Büdcə imkanlarına baxmayaraq mövcud heyətdən razıyam”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 19-cu turunda “Sumqayıt” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis baxımlı qarşılaşmanın şahidi olduqlarını bildirib. Onun sözlərinə görə, ilk hissədə komandası üstün təsir bağışlayıb və hesab daha böyük də ola bilərdi. Fasilədən sonra isə rəqib fəal başlayıb, “Zirə” bir qədər passiv görünüb və bunun nəticəsində qol buraxılıb.

Mütəxəssis fasilədə xəbərdarlıq etmələrinə baxmayaraq, ikinci hissənin əvvəlində çətinlik yaşadıqlarını gizlətməyib. Onun fikrincə, həmin dəqiqələrdə qolun gəlməsi gözlənilən idi, lakin bu epizod komandanın toparlanmasına kömək edib.

Uzun marafonda uğur qazanmaq üçün yalnız xarakterin yetərli olmadığını deyən Sadıqov ustalığın və keyfiyyətin də vacibliyini önə çəkib. Onun sözlərinə görə, belə oyunlar çempionatın marağını artırır və futbolun inkişafına xidmət edir.

Baş məşqçi kubok matçı ilə bağlı da danışıb. O, bu qələbənin ciddi psixoloji üstünlük yaratmadığını, şansların bərabər olduğunu bildirib. Zədəlilərin geri qayıtmasının vacibliyini deyən mütəxəssis itkilərin istənilən komandaya təsir etdiyini əlavə edib.

Sadıqov büdcə imkanlarına baxmayaraq mövcud heyətdən razı olduğunu, müəyyən futbolçuların potensialını göstərməsi üçün zamana ehtiyac duyulduğunu deyib.

O, transfer məsələsinə də toxunub. Danışıqların getdiyini və rəhbərliyin razılıq verdiyini bildirən baş məşqçi maksimum bir oyunçu ilə güclənə biləcəklərini açıqlayıb. Gələcək futbolçunun hücum xəttinə nəzərdə tutulduğunu, həm mərkəzdə, həm də cinahda oynaya bildiyini söyləyib.

İdman.Biz