2026-cı ilin qış transfer pəncərəsində klubların xərclədiyi vəsaitlərlə bağlı statistika açıqlanıb. İngiltərənin “Mançester Siti” klubu daha çox xərcə düşüb.
İdman.Biz xəbər verir ki, Mançester təmsilçisi qış transfer dövrəsində cəmi iki futbolçu transfer etsə də, bu keçidlərə ümumilikdə 95 milyon avro (190 milyon AZN) vəsait xərcləyib. Siyahıda ikinci pillədə İngiltərənin “Kristal Palas” klubu yer alıb. London klubu üç transfer üçün 90 milyon avro (180 milyon AZN) ödəyib.
Üçüncü sırada Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası qərarlaşıb. Altı futbolçu heyətinə qatan klub 67 milyon avro (134 milyon AZN) xərcləyib. İngiltərənin daha bir təmsilçisi “Vest Hem” beş transfer üçün 56 milyon avro (112 milyon AZN) xərcləyərək dördüncü sırada yer alıb, “Tottenhem” 55 milyon avro (110 milyon AZN) ilə beşinci pillədə yer alıb və cəmi iki oyunçu transfer edib.
İspaniyanın “Atletiko Madrid” klubu üç transfer üçün 54 milyon avro (108 milyon AZN) xərcləməklə altıncı sırada yer alıb. Braziliyanın “Flamenqo” komandası da eyni məbləğ - 54 milyon avro (108 milyon AZN) qarşılığında üç futbolçu transfer edərək yeddinci pillədə qərarlaşıb. İngiltərənin “Bornmut” klubu dörd transfer üçün 42 milyon avro (84 milyon AZN) ödəyib və səkkizinci yerdədir. Türkiyənin “Fənərbağça” komandası qış transfer dövrəsində dörd futbolçu üçün 37 milyon avro (74 milyon AZN) xərcləyərək doqquzuncu pillədə yer alıb. İlk onluğu isə İtaliyanın “Latsio” klubu tamamlayıb. Roma təmsilçisi beş transfer üçün 37 milyon avro (74 milyon AZN) xərcləyib.
Qeyd edək ki, qış transfer dövrəsində ən çox vəsait xərcləyən on klubun beşi İngiltərə Premyer Liqası təmsilçiləridir ki, bu da İngiltərə futbolunun maliyyə baxımından üstün mövqeyini bir daha ortaya qoyur.
