“Biz çox yaxşı işləyirik. Mövsümün qalan hissəsinə də hazırlaşırıq. Turnir cədvəlindəki mövqeyimizi və necə məşq etdiyimizi nəzərə alsaq, bəli, daha yaxşı olduğumuzu deyə bilərəm”.
Bunu “Sumqayıt”ın legioneri Ronaldo Vaskes sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Karvan-Yevlax”la görüşdə qalib gəldiniz. Bu görüş sizin üçün asan keçdi?
- Turnir cədvəlində yüksəlməyə davam etmək üçün bu görüşdə vacib üç xal qazandıq. Qol imkanlarımızdan tam istifadə etmədiyimiz, amma qələbəni təmin edə bildiyimiz bir matç idi. Epizodlarımız çox oldu.
- İlk hissədə çoxlu qol şansınız oldu, ikisini vurdunuz. Amma fasilədən sonra qol vura bilmədiniz. Niyə epizodlardan lazımınca yararlana bilmirsiniz?
- Mənim üçün vacib olan 3 xal qazanmaqdır. Düzdür, mənim daha bir qol vurmaq şansım var idi və bundan tam istifadə edə bilmədim. Amma qələbədən və yaxşı oyundan məmnunam.
- Komandanın bu mövsümkü oyununu necə qiymətləndirirsiniz? Saşa İliç gələndən bəri daha yaxşı oynamağa başlamısınız?
- Biz çox yaxşı işləyirik. Mövsümün qalan hissəsinə də hazırlaşırıq. Turnir cədvəlindəki mövqeyimizi və necə məşq etdiyimizi nəzərə alsaq, bəli, daha yaxşı olduğumuzu deyə bilərəm.
- “Karvan-Yevlax”la görüşdə qollardan birini siz vurdunuz, amma başqa qol imkanların da oldu. Öz performansınızdan razı qaldınız?
- Özümə qarşı bir az tələbkar olmağa çalışıram. Qol və məhsuldar ötürmə etdiyim yaxşı oyun alındı. Ancaq həmişə daha çoxunu istəyirəm. Bu matçda əldən verilmiş fürsətlər bir təcrübə olacaq. Əsas odur ki, 3 xal qazandıq.
- “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanmaq üçün yaxşı şansı var. Mövsümün sonunda bunu reallaşdıra biləcəksiz?
- Bu, bizim məqsədlərimizdən biridir və biz buna doğru irəliləmək üçün çalışırıq. Bunu etmək üçün potensialımız və yaxşı komandamız var.
- “Sumqayıt” ölkə kubokunda növbəti oyununu “Zirə”yə qarşı keçirəcək. “Zirə”ni məğlub etmək şansınızı necə qiymətləndirirsiniz?
- Bu matçın əhəmiyyətini dərk edirik. Qələbənin “Sumqayıt”da qalması üçün əlimizdən gələni edəcəyik. Amma ağır oyun olacağını dəqiq bilirik.
- Premyer Liqada növbəti oyununuz da “Zirə”yə qarşıdır. Bu, sizə maraqlı gəlir? Bunun müsbət və mənfi tərəfləri var?
- Bəli, maraqlıdır. Amma bəzən belə də olur. Azərbaycanda bu cür olur.
- Artıq bir ildir ki, “Sumqayıt”da oynayırsınız. Azərbaycanda keçirdiyiniz vaxt necə keçdi, burada xoşbəxtsiniz? “Sumqayıt”la yeni müqavilə imzalayacaqsınız?
- Azərbaycanda keçirdiyim vaxtdan çox məmnunam. Mənə çox yaxşı münasibət göstərdilər və mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Müqaviləm başa çatmaq üzrədir, amma komandanın turnir cədvəlinin zirvəsində yer alması üçün mümkün qədər çox çalışmağa davam etməyə diqqət yetirirəm.
