Maşallah Əhmədovdan İDMAN.BİZ-ə “Liverpul” - “Qarabağ” oyununun PROQNOZU

28 Yanvar 2026 17:16
104
Maşallah Əhmədovdan İDMAN.BİZ-ə “Liverpul” - “Qarabağ” oyununun PROQNOZU

Azərbaycan futbolu tarixinin ən yaxşı hücumçularından biri olan Maşallah Əhmədov Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Liverpul” – “Qarabağ” matçı ilə bağlı kifayət qədər gözlənilməz proqnoz səsləndirib.

Veteran futbolçu İdman.Biz-ə açıqlamasında söyləyib ki, bu gün futbolsevərləri məhsuldar qarşılaşma gözləyir.

“Bunun səbəbi ondadır ki, hər iki komanda həm çox qol vurur, həm də çox qol buraxır. Hər şey Qurban Qurbanovun futbolçularına verəcəyi tapşırıqdan asılıdır – onlara irəli atılmağı, yoxsa müdafiə olunmağı tapşıracaq. Axı hamımız xatırlayırıq ki, “Qarabağ” “Ayaks”a qarşı açıq futbol oynamağı risk edəndə nə baş verdi. Amma düşünürəm ki, bu, Qurbanovu dayandırmayacaq” - veteran futbolçu bildirib.

Fikrinin davamında Maşallah Əhmədov söyləyib ki, Qurban Qurbanov risk etməyi sevən bir məşqçi kimi hazırda müdafiəçilərlə bağlı ciddi problemlər yaşayan “Liverpul”a qarşı da hücumameylli futbol oynayacaq.

“Hesab edirəm ki, belə taktika “Qarabağ”ın 3:2 hesablı qələbəsinə və ya minimum 2:2 hesablı heç-heçəyə gətirib çıxaracaq”, – deyə Maşallah Əhmədov bildirib.

İdman.Biz