Tanınmış mütəxəssis Yurgen Klopp Almaniyada yeni futbol liqasının yaradılması üzərində işləyir.
İdman.Biz “Bild” nəşrinə istinadla xəbər verir ki, Klopp U-21 liqasının təsis olunmasını planlaşdırır.
Layihənin əsas məqsədi gənc futbolçulara Bundesliqaya keçid öncəsi real və davamlı oyun təcrübəsi qazandırmaqdır.
Bu ideya Almaniya futbolunda gənclərin inkişafı ilə bağlı narahatedici statistika fonunda gündəmə gəlib. Belə ki, hazırda Almaniyaya məxsus cəmi doqquz akademiya Avropanın top-100 siyahısına daxildir. Bundesliqa isə top-5 liqalar arasında öz akademiya yetirmələrinin oyun vaxtına görə sonuncu yerdədir.
Statistikaya əsasən, Bundesliqada ümumi oyun vaxtının 85 faizi klub akademiyalarından çıxmayan futbolçulara məxsusdur. Bu vəziyyət yerli istedadların inkişaf yolunda ciddi maneə kimi qiymətləndirilir.
Kloppun planlaşdırdığı U-21 liqasının Almaniya futbolunda struktur dəyişikliyinə səbəb ola biləcəyi və gənc oyunçular üçün yeni imkanlar yaradacağı bildirilir. Layihənin detalları ilə bağlı yaxın dövrdə əlavə məlumatların açıqlanacağı gözlənilir.
