Rza Cəfərov: “Qəbələ” mənə daha doğma gəldiyi üçün buranı seçdim”

28 Yanvar 2026 17:48
56
Rza Cəfərov: “Qəbələ” mənə daha doğma gəldiyi üçün buranı seçdim”

“İllər sonra yenidən bu meydanda məşq etmək və bu komandanın şərəfini qorumaq mənim üçün çox xoşdur”.

İdman.Biz xəbər verir ki, bu sözləri Rza Cəfərov “Qəbələ” futbol klubunun mətbuat xidmətinə açıqlamasında deyib.

O, “Qəbələ”yə qayıtdığı üçün xoşbəxt olduğunu vurğulayıb:

“Başqa klublardan da təkliflərim var idi. Lakin “Qəbələ” mənə daha doğma gəldiyi üçün buranı seçdim. Gənc bir futbolçu kimi inanıram ki, bu klubun bazası, meydanları və peşəkar məşqçi heyəti inkişafımda mühüm rol oynayacaq”.

R.Cəfərov azarkeşlərə müraciət edərək, onlara səbirli olmağa çağırıb:

“Bura gəlməmişdən əvvəl azarkeşlərdən çoxlu dəstək mesajları alırdım. Buna görə hər birinə təşəkkür edirəm. İnanıram ki, hər şey yaxşı olacaq və komandamız qələbələrlə azarkeşləri sevindirəcək”.

Qeyd edək ki, “Qəbələ” R.Cəfərovu mövsümün sonuna qədər “Neftçi”dən icarəyə götürüb. Qapıçının paytaxt klubu ilə müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulub.

İdman.Biz