“Qarabağ”la oyunda Arne Slot qeyri-adi taktiki gedişə məcbur qala bilər

28 Yanvar 2026 18:00
61
“Qarabağ”la oyunda Arne Slot qeyri-adi taktiki gedişə məcbur qala bilər

Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Liverpul” ciddi kadr problemləri ilə üz-üzədir. Komandanın baş məşqçisi Arne Slot oyundan əvvəl mətbuat konfransında müdafiə xəttində yaranan çətinliklərdən danışıb.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis mərkəz müdafiəsində Vircil van Deykin yanında yarımmüdafiəçinin oynadılmasının qaçılmaz ola biləcəyini bildirib. Buna səbəb əsas mərkəz müdafiəçilərinin eyni vaxtda sıradan çıxmasıdır.

İbrahima Konate atasının vəfatı ilə bağlı ailə səbəblərinə görə hələ də komandaya qayıtmayıb. “Bornmut”la matçda bud nahiyəsindən zədələnən Co Qomes isə “Qarabağ”la oyunda meydana çıxa bilməyəcək. Slot Qomesin nisbətən qısa müddətdə sıraya dönəcəyinə ümid etsə də, bu, Enfilddəki həlledici qarşılaşma üçün kifayət etməyəcək.

Bundan əlavə, Covanni Leoni uzun müddətdir komandaya kömək edə bilmir. Bu səbəbdən Arne Slot seçim qarşısında qalıb: ya Vataru Endonu, ya da Rayan Qravenberxi Vircil van Deykin yanında mərkəz müdafiəçisi mövqeyində oynatmaq.

Endo və Qravenberx oyun üslubuna görə tamamilə fərqli futbolçulardır. Onları 10 sm boy fərqi ayırır, lakin daha qısa boylu olan Yaponiya millisinin kapitanı məhz mərkəz zonada daha uyğun seçim sayıla bilər.

Slot “Bornmut”la oyunda Qomesi Endo ilə əvəzləmişdi, çünki ötən mövsüm bu etibarlı mərkəz müdafiəçisinin xidmətindən dəfələrlə yararlanmışdı. 2025-ci ildə 32 yaşlı futbolçu Premyer Liqanın hazırkı çempionunun heyətində beş dəfə meydana çıxıb, lakin demək olar ki, yalnız kubok oyunlarında və nisbətən zəif rəqiblərə qarşı.

Xatırladaq ki, Avropa mediası "Liverpul"dakı məhz bu çatışmazlığa görə “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duran məsələsinə diqqət yönəldiblər.

Qeyd edək ki, “Liverpul” üçün bu oyun xüsusi əhəmiyyət daşıyır. Komandanın Çempionlar Liqasında birbaşa 1/8 finala yüksəlməsi hələ tam təmin olunmayıb və nəticə yay transfer planlarına da birbaşa təsir göstərə bilər.

İdman.Biz