Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa Kubokunun 1/16 final mərhələsində çətin qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Çenstoxova təmsilçisi səfərdə “Motor Lublin”lə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında 3:1 hesabı ilə üstün olub.
Mahir Emreli matça start heyətində başlayıb və 82-ci dəqiqədə Adam Basse ilə əvəzlənib.
Oyunun ilk hissəsində qol vurulmayıb. Fasilədən sonra, 51-ci dəqiqədə “Rakuv”un qapıçısı Katser Trelovskinin Karol Çubaka qarşı qayda pozuntusuna görə meydan sahiblərinin xeyrinə penalti təyin edilib. Mbaye Ndiaye 11 metrlik zərbəni dəqiq yerinə yetirərək “Motor”u hesabda önə çıxarıb.
Bundan sonra meydan sahibləri üstünlüklərini artırmaq üçün bir neçə imkan yaradıblar. Bartos Bereşinski və Karol Çubakın zərbələrindən sonra top qapı dirəyinə dəyib.
Qarşılaşmanın son dəqiqələrində isə vəziyyət dəyişib. 90+2-ci dəqiqədə Bereşinski ikinci sarı vərəqəni alaraq meydandan qovulub. İki dəqiqə sonra Lamin Diabi-Fadiqa cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı bərabərləşdirib - 1:1.
Əlavə vaxtda say üstünlüyünə malik olan “Rakuv” bir neçə qol imkanı yaratsa da, fərqlənə bilməyib. Qalib penaltilər seriyasında müəyyənləşib. Burada 3:1 hesabı ilə üstün olan qonaqlar 1/8 finala vəsiqə qazanıblar.
