Bukmekerlər “Qarabağ”ın pley-offa vəsiqə qazana bilməməsi ehtimalı praktiki qeyri-real hesab edir - İDMAN.BİZ-in İCMALI

Təhlil
27 Yanvar 2026 14:13
132
Bukmekerlər “Qarabağ”ın pley-offa vəsiqə qazana bilməməsi ehtimalı praktiki qeyri-real hesab edir - İDMAN.BİZ-in İCMALI

Bir çox bukmeker kontorlarında “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi mövzusu faktiki olaraq formal xarakter alıb və ya ümumiyyətlə bu cür mərc etmək imkanı aradan qalxıb.

İdman.Biz xəbər verir ki, Rusiya bukmeker kontorlarından birində Ağdam klubunun top-24-ə düşməsi ilə bağlı mərc xəttdən çıxarılıb, əks nəticə (top-24-ə düşməyəcək) isə fantastik 130,0 əmsalı ilə qiymətləndirilib. Yəni “Qarabağ”ın pley-offa vəsiqə qazana bilməməsi ehtimalı praktiki olaraq qeyri-real hesab olunur. Bu, yalnız o halda mümkündür ki, “Qarabağ” “Enfild”də məğlub olsun və onun bütün birbaşa rəqibləri (onların sayı təxminən ondur) qələbə qazansın.

Bununla belə, bəzi bukmeker kontorları Ağdam təmsilçisinin top-24-ə düşməsi ilə bağlı mərci hələ də saxlayır. Lakin oradakı əmsallar o qədər aşağıdır ki, bu seçimi sərfəli etmir.

Bukmekerlərin “Liverpul” - “Qarabağ” qarşılaşmasının nəticəsi ilə bağlı mərclərinə gəlincə, Arne Slotun komandasının aşkar favorit olduğu görünür. Belə ki, “mersisaydlılar”ın qələbəsinə verilən əmsallar orta hesabla 1,12–1,14 aralığında dəyişir. Heç-heçəyə mərclər 9,00–11,00 civarındadırsa, “Qarabağ”ın qələbəsi 19,0-23,0 əmsalı ilə qiymətləndirilir.

Bu əmsalları faiz nisbətinə çevirsək, bukmekerlər “Liverpul”un qələbə şansını təxminən 87-89 faiz, heç-heçə ehtimalını 9-11 faiz, Ağdam klubunun qələbə şansını isə təqribən 4–5 faiz səviyyəsində dəyərləndirirlər.

Xatırladaq ki, Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində “Liverpul” – “Qarabağ” oyunu çərşənbə günü, yanvarın 28-də “Enfild” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

İdman.Biz