İngiltərə “Arsenal”ı mövsümün yarısından çoxu geridə qalsa da, hələ də əsas hücumçuya sahib deyil. Yayda “Sportinq”dən 64 milyon funt (147 milyon AZN) qarşılığında transfer edilən Viktor Gyökeres “indi və dərhal nəticə” üçün gətirilsə də, gözləntiləri tam doğrulda bilməyib. İsveçli hücumçu Premyer Liqada son üç aya yaxındır qol vurmayıb.
İdman.Biz xəbər verir ki, bu vəziyyət “Arsenal”ı yenidən hücumçu axtarışına çıxarıb. London təmsilçisinin diqqət mərkəzində isə Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares var. Məlumata görə, “topçular” sabiq “Mançester Siti” futbolçusunu yayda təxminən 86 milyon funt (198 milyon AZN) qarşılığında transfer etməyi nəzərdən keçirir.
Artetanın hücum xəttində digər variantları da sual altındadır. Qabriel Jezus “Mançester Yunayted”lə oyunda şans alsa da, zəif təsir bağışlayıb və müqaviləsinin bitməsinə bir il qaldığı üçün yayda klubdan ayrılması ehtimal olunur. Kay Haverts isə uzunmüddətli zədələr səbəbindən demək olar ki, bir ildir start heyətində yer almır.
Alvares bu mənada cəlbedici variant kimi görünür. O, Premyer Liqa təcrübəsinə malikdir və “Mançester Siti”də keçirdiyi iki mövsümdə bütün turnirlərdə 19 qol vurub. Cari mövsümdə isə Çempionlar Liqasında altı oyunda dörd qolla yadda qalıb və Dieqo Simeonenin rəhbərliyi altında “Atletiko”da əsasən Aleksander Sörlotun arxasında ikinci hücumçu kimi çıxış edir.
Alvares həm zərbələrin, həm ötürmələrin, həm də yaradılan imkanların sayına görə Gyökeres və Jezustan üstündür. “Arsenal” üçün Alvaresə maraq təkcə argentinalının keyfiyyətləri ilə deyil, mövcud hücumçuların verdiyi suallarla da bağlıdır. London klubu riskin fərqindədir, lakin hücum xəttində boşluq olduğu da açıq görünür.
