İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasında “Qarabağ”la oyuna ciddi kadr problemləri ilə çıxacaq.
İdman.Biz xəbər verir ki, “The Standard” nəşrinin yaydığı məlumata görə, Premyer Liqada “Bornmut”a 2:3 hesablı məğlubiyyətdən sonra “Liverpul” daha iki zərbə alıb. Həmin oyunda mərkəz müdafiəçisi Co Qomez qapıçı Alissonla toqquşmadan sonra zədələnərək meydanı tərk etməyə məcbur olub.
Baş məşqçi Arne Slot matçdan sonra futbolçunun durumu ilə bağlı dəqiq proqnoz verə bilməyib:
“Co Alissonla toqquşmadan sonra zərbə aldı, dizində problem yarandı. Sümük sümüyə dəydi və davam edə bilmədiyi aydın idi. İki-üç günə məşqlərə qayıdıb-qayıtmayacağını demək çətindir”.
Bu zədə fonunda “Liverpul”un mərkəz müdafiəsində yalnız bir əsas oyunçu qalır – komandanın kapitanı Vircil van Deyk. İbrahima Konate isə zədə səbəbindən yox, atasının vəfatı ilə əlaqədar komandadan kənardadır. Slot bildirib ki, fransalı müdafiəçiyə ailəsi ilə vaxt keçirməsi üçün icazə verilib.
Komandanın digər problemləri də müdafiə xəttində cəmlənib. Sağ cinah müdafiəçisi Konor Bredli dizindən ağır zədə alıb və mövsümün qalan hissəsini buraxacaq. O, əməliyyat olunacaq və bərpa prosesinə başlayacaq.
Federiko Kyezanın da durumu qeyri-müəyyəndir. İtaliyalı hücumçu son oyunlarda iştirak etməyib və “Bornmut”la matç öncəsi onun durumu “50/50” kimi dəyərləndirilsə də, yekun heyətə daxil edilməyib. Onun “Qarabağ”la oyunda meydana çıxması ehtimal edilir.
Bundan əlavə, yay transferi Aleksander İsak uzunmüddətli zədə səbəbindən sıradan çıxıb. İsveçli hücumçu “Tottenhem”lə oyunda ayağını sındırıb və əməliyyat olunub. Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Digər yeni transfer Covanni Leoni isə mövsümün əvvəlində diz bağlarını qopardığı üçün bu mövsüm “Liverpul”un formasını geyinə bilməyəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-də, saat 23.59-da keçiriləcək.
