“Barselona” braziliyalı hücumçusu Rafinya Diasla müqavilənin müddətini 2030-cu il iyunun 30-dək uzadacaq.
İdman.Biz Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin imzalanma mərasimi bu gün “Barselona”nın prezidenti Joan Laportanın iş otağında keçiriləcək. Mərasimdən sonra futbolçu jurnalistlərin suallarını cavablandıracaq.
29 yaşlı braziliyalının hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Rafinya 2022-ci ildə İngiltərənin “Lids” klubundan “Barselona”ya keçib. Hücumçu cari mövsümdə bütün turnirlərdə 19 qol vurub. Bunlardan 15-i İspaniya çempionatının, dördü isə UEFA Çempionlar Liqasının payına düşür.
Braziliyalı futbolçu indiyədək “Barselona”nın heyətində 190 matç keçirib və 94 dəfə fərqlənib. O, klubun tarixində həm oyun, həm də qol sayına görə braziliyalı futbolçular arasında dördüncü yerdə qərarlaşıb.
