"Qarabağ"ın qapıçısı Fabian Buntiç Misli Premyer Liqasının 17-ci turunda "Kəpəz"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz sport24.az saytına istinadla həmin müsahibəni təqdim edir.
- Məğlubiyyətə səbəb nə oldu?
- Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, istəyimizə çata bilmədik. Asan qollar buraxdıq. Rəqib bizə çox qol şansı vermədi. Üstəlik, "Kəpəz"in futbolçuları meydanda çox yaxşı vuruşdular. Müdafiədə demək olar ki, səhvə yol vermədilər. Belədə meydanı xalsız tərk etdik.
- Ola bilər ki, komandanın fikri "Kəpəz" yox, "Liverpul"la görüşdə idi?
- Xeyr, belə deməzdim. Üstəlik, "Kəpəz"lə matça fərqli heyət çıxmışdı. Həm də biz ölkə çempionatında da hər matça qələbə üçün çıxırıq. Bu görüşdə də bacardığımızın ən yaxşısını etməyə çalışırdıq. Təəssüf ki, yekunda uduzduq. Yəni bu məğlubiyyəti "Liverpul" matçı ilə əlaqələndirməzdim.
- "Kəpəz"in ikinci qolu bir qədər gözlənilməz oldu. Zərbə anında topun istiqamətini görmürdün?
- Bilmirəm nə deyim. Həmin anda bəxt də bir qədər rəqib futbolçunun tərəfində oldu. Üstəlik, zərbə anında top bizim futbolçulardan birinə də toxundu. Təbii ki, həmin vaxt komandama kömək edə bilmədiyim üçün məyusam.
