İspaniyanın “Atletiko Madrid” komandası hücum xəttini gücləndirmək üçün bazarı dəyərləndirir. Klub Xulian Alvaresin mümkün gedişi fonunda yeni forvard variantı üzərində dayanıb.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, “Atletiko”nun əsas transfer hədəfi PSJ klubunun hücumçusu Qonsalu Ramuşdur.
24 yaşlı hücumçu cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 10 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalı Ramuşun bazar dəyərini 35 milyon avro (təxminən 70 milyon AZN) olaraq qiymətləndirir.
Qeyd edək ki, Qonsalu Ramuş 2024-cü ildə “Benfika”dan PSJ-yə 65 milyon avro (təxminən 130 milyon AZN) qarşılığında transfer olunub. Onun Paris klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
