“Akademiyamızın koordinatoru Aftandil Hacıyev Nigeriyaya səfəri zamanı səkkiz futbolçunun çıxışını yüksək qiymətləndirib və onlar Azərbaycana dəvət olunacaqlar”.
Bu sözləri “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimov məlumat verib.
Akademiya rəsmisi bildirib ki, bəyənilən səkkiz futbolçu Bakıya gələrək yoxlanışdan keçəcək.
“Vaxt baxımından geniş imkanımız var, bu səbəbdən tələsmədən, düşünülmüş və düzgün addımlar atmaq niyyətindəyik. Ötən dəfə də qeyd etmişdim ki, ölkə xaricindən gələn istedadlı futbolçuların iştirakı azərbaycanlı oyunçular üçün də faydalı rəqabət mühiti yaradır. Əsas məqsədlərimizdən biri də budur və bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Təbii ki, 8 futbolçunun bəyənilməsi onların hamısının komandaya qoşulacağı anlamına gəlmir. Bu oyunçular arasından yalnız ən yaxşılar, şərtləri uyğun gələnlər və gələcək üçün perspektivli hesab edilənlər seçiləcək. Ola bilsin ki, onların akademiyamıza qoşulması qış fasiləsində deyil, yay transfer dövründə baş tutsun”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
N.Kərimov seleksiya işləri üçün Afrikanın başqa ölkələri ilə də danışıq apardıqlarını söyləyib:
“Hazırda xarici ölkələrdə akademiya üçün seleksiya işləri aparmaqla bağlı konkret və real plan yoxdur. Lakin seleksiya daha çox maraq göstərən, idman arzusu və istəyi yüksək olan bölgələrə yönəlib. Hazırda Afrika ölkələri ilə müəyyən əlaqələr və danışıqlar mövcuddur. Bu proseslərin başlanması gələcək inkişaf üçün vacibdir və zamanla digər ölkələrin də bu siyahıya əlavə olunacağı gözlənilir”.
