“Baş məşqçi ilə söhbətimiz oldu və ondan daha çox oyun şansı qazana biləcəyim bir kluba keçməyimlə bağlı xahiş etdim. Sağ olsun, bu qərarımı anlayışla qarşıladı. Saşa İliçə təşəkkür edirəm. Mənim üçün həm yaxşı insan, həm də yaxşı məşqçi oldu”.
İdman.Biz xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”la yollarını ayıran Rauf Rüstəmli deyib.
22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”dakı çıxışını da dəyərləndirib:
“Bu komandada oynadığım hər oyunda özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Oyun şansı az qazansam da, əlimdən gələni etdim”.
Rüstəmli “Karvan-Yevlax”a keçidi ilə bağlı da danışıb:
“Transferim 2-3 gün ərzində həll olundu. Baş məşqçi Füzuli Məmmədov zəng edərək məni komandada görmək istədiyini dedi. Danışıq və qoyulan tələblər mənim üçün məqbul idi. Beləliklə, razılığa gəldik. Əsas hədəflərimdən biri hər oyunda əsas heyətin üzvü olmaqdır. Bunun üçün çox çalışmalıyam. Komanda hazırda turnir cədvəlinin sonuncu pilləsindədir. Bu vəziyyətdən çıxıb daha yuxarı yerlərə qalxmaq istəyirik. İnşallah, buna nail olarıq”.
Yarımmüdafiəçi gələcək planlarından da söz açıb:
“Mövsümün sonunda müqaviləm başa çatır və “Sabah”a qayıtmalıyam. Amma hazırda bütün diqqətim “Karvan-Yevlax”dakı məşqlərə və oyunlara yönəlib. Sezon bitdikdən sonra gələcək planlarım barədə daha dəqiq düşünəcəyəm. Ümumiyyətlə, əsas məqsədim oynadığım klubda daha çox forma şansı qazanmaq, əsas heyət üzvü olmaq və milli komandaya dəvət almaqdır”.
