“Çelsi” baş məşqçisi Enzo Mareskanı qovdu

Xəbərlər
1 Yanvar 2026 18:13
53
“Çelsi” baş məşqçisi Enzo Mareskanı qovdu

Enzo Mareska “Çelsi”nin baş məşqçisi vəzifəsindən ayrılıb.

İdman.Biz bildirir ki, bu barədə klub rəsmi məlumat yayıb.

“Çelsi” Futbol Klubu və onun baş məşqçisi Enzo Mareska yollarını ayırıblar. Klubda işlədiyi müddətdə Enzo komandanı Konfrans Liqasında və Klublararası Dünya çempionatında uğura aparıb. Bu nailiyyətlər Klubun yaxın tarixinin əhəmiyyətli bir hissəsi olaraq qalacaq və biz ona Klubun inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik.

Çempionlar Liqasına vəsiqə də daxil olmaqla, dörd yarışda əsas məqsədlərə hələ də nail olunmalı olduğu üçün Enzo və Klub bu dəyişikliyin komandaya yenidən yoluna qayıtmaq üçün ən yaxşı şansı təqdim etdiyinə inanırlar”, - klubun açıqlamasında deyilir.

Klubun belə bir açıqlama yaymasına baxmayaraq, baş məşqçinin qovulmasına səbəb kimi son qarşılaşmalarda komandanın yalnız iki qələbə qazanmasının rəhbərliyin narazılığını artırdığı bildirilir. Qeyd olunur ki, Mareska “Bornmut”la oyundan sonra keçirilən mətbuat konfransına gəlməyərək xəstə olduğunu göstərməyə çalışsa da, əslində klubdakı vəziyyətdən narazı olduğu üçün orada iştirak etmək istəməyib.

Mareska 2024-cü ilin yayında “Çelsi”yə rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında klub Konfrans Liqasını və Klublararası Dünya çempionatını qazanıb.

London klubu hazırda 19 oyundan 30 xalla Premyer Liqa turnir cədvəlində beşinci yerdədir. “Göylər” bütün yarışlarda son doqquz oyundan yalnız ikisində qalib gəlib.

İdman.Biz