Tahir Gözel: “Bu uğurlar təsadüf deyil, illərin zəhmətinin nəticəsidir”

Xəbərlər
30 Dekabr 2025 12:15
55
Tahir Gözel: “Bu uğurlar təsadüf deyil, illərin zəhmətinin nəticəsidir”

“Qarabağ” Avropanın ən güclü komandaları ilə eyni səviyyədə mübarizə apara bilər.

İdman.Biz xəbər verir ki, bunu klubun prezidenti Tahir Gözəl açıqlamasında deyib.

O, “Qarabağ”ın Avropanın ən güclüləri ilə eyni səviyyədə oynamaq gücünə malik olduğunu söyləyib:

“Klublararası dünya çempionatının qalibi olmuş İngiltərə nəhəngi “Çelsi” ilə aparılan möhtəşəm, nəfəskəsən və qürurverici mübarizə bir daha göstərdi ki, “Qarabağ” Avropanın ən güclüləri ilə eyni səviyyədə dayanmaq gücünə malikdir. Qazanılan hər xal, yaşadılan hər an milyonlarla azarkeşimizin ürəyində silinməz iz buraxdı. Bu uğurlar təsadüf deyil. Hər qələbənin, hər tarixi anın arxasında illərin zəhməti, fədakarlığı, peşəkarlığı və böyük inamı dayanır. Komandamız həm ölkə daxilində, həm də beynəlxalq arenada adına və tariximizə layiq mübarizə apararaq Azərbaycan futbolunun nüfuzunu qorudu və onu daha da yüksəklərə daşıdı”.

Klub rəhbəri komandanın ortaya xarakter qoyduğunu bildirib:

“Arxada qoyduğumuz il futbol meydanlarında sevincdən göz yaşlarına, qürurdan həyəcan dolu anlara qədər saysız-hesabsız unudulmaz xatirələrlə yadda qaldı. “Qarabağ” 2025-ci ildə də yalnız nəticələrlə deyil, ortaya qoyduğu xarakter, sarsılmaz iradə və qələbə ruhu ilə öz adını bir daha zirvələrə yazdırdı. 2024/2025 mövsümünü böyük uğur və inamla başa vuran komandamız 12-ci dəfə Azərbaycan çempionu olaraq ölkə futbolundakı liderliyini bir daha təsdiqlədi və UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən növbəti tarixi yürüşünə başladı”.

T.Gözəl Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasındakı çıxışına toxunub:

“Təsnifat mərhələlərində meydanda nümayiş etdirilən hər oyun, hər mübarizə və hər son fitə qədər davam edən əzm bizi ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıdı. “Benfika”, “Kopenhagen” kimi Avropanın nəhəng klubları üzərində qazanılan qələbələr təkcə xallar deyil, Azərbaycan futbolu üçün qürur mənbəyinə çevrildi. “Qarabağ” tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan Azərbaycan təmsilçisi kimi adını futbol tariximizin qızıl səhifələrinə yazdırdı”.

O, azarkeşlərin dəstəyini də xüsusi qeyd edib:

“Azarkeşlərimizin sarsılmaz sevgisi və dəstəyi, futbolçularımızın meydandakı qətiyyəti, klubumuzda hökm sürən birlik və ailə ruhu 2025-ci ilin ən böyük qələbəsi, ən dəyərli qazancı oldu. Biz bu birliklə, bu inamla və bu qürurla qarşıdakı illərdə daha böyük hədəflərə, daha uca zirvələrə doğru yolumuza davam edəcəyik. Çünki bu yolun adı “Qarabağ”dır və bu hekayə hələ yeni başlayır”.

Klub prezidenti qarşıdakı ildə daha böyük nailiyyətlər əldə edəcəklərinə inanır:

“Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün həm dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyini və həmrəyliyini ifadə edir, həm də yeni ilin astanasında hər birimiz üçün yeni ümidlər, yeni hədəflər yaradır. Xüsusilə ölkəmizin inkişafı və idman sahəsində, o cümlədən komandamızın uğurlarında Prezident İlham Əliyevin dəstəyi danılmazdır və bizə böyük ruh yüksəkliyi verir. Bu xoş fürsətdən istifadə edərək Prezident İlham Əliyevi də səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayıram. İnanıram ki, qarşıdakı ildə də birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Komandamız öz üzərinə düşən məsuliyyəti dərk edərək bütün gücü ilə çalışacaq və xalqımıza yeni-yeni sevinclər, qürurverici anlar bəxş edəcək. Qoy 2026-cı il hər bir azərbaycanlı üçün uğurlu, bərəkətli və yaddaqalan olsun”.

İdman.Biz