Azər Salahlı: “Hədəflərimdən biri də milliyə qayıtmaqdır” - MÜSAHİBƏ

Müsahibə
25 Dekabr 2025 10:27
43
Azər Salahlı: “Hədəflərimdən biri də milliyə qayıtmaqdır” - MÜSAHİBƏ

“Komanda şəklində kompakt oynayırıq. Bizdə individual oyunçular o qədər də çox deyil”.

Bunu “İmişli”nin futbolçusu Azər Salahlı sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 16-cı turunda səfərdə “Zirə” ilə heç-heçə etdiniz. Oyun haqda nə deyə bilərsiniz?

- ⁠İlk növbədə matçın çətin keçəcəyini bilirdik. Çünki rəqib bu mövsüm “3-lüy”ə namizəd komandalardan biridir. Çox gözəl futbol nümayiş etdirirlər. Qarşılaşma bizim üçün çətin alındı. İkinci növbədən oynamağa məcbur idik. Şanslarımızı əks hücumlarda dəyərləndirmək istəyirdik. Heç-heçə alındı, düşünürəm ki, bu rəqibə qarşı pis nəticə deyil. İlk olaraq yaxşı dincələcəyik, daha sonra mövsümün ikinci yarısına hazırlaşacağıq.

- Birinci dövrədə də komandaların dueli heç-heçə ilə yekunlaşmışdı. Sizcə, rəqib niyə sizi məğlub edə bilmir?

- ⁠Komanda şəklində kompakt oynayırıq. Bizdə individual oyunçular o qədər də çox deyil. Bizim üstünlüyümüz kollektiv şəkildə birlikdə olmağımızdır. Düşünürəm ki, bunun ən böyük səbəblərindən biri də məhz odur.

- Mövsümün ilk yarısını necə dəyərləndirirsiniz, 2025-ci ili istədiyiniz, arzuladığınız yerdə başa vurdunuz?

- ⁠Bizim texniki məğlubiyyətimiz də oldu. Həmin qarşılaşmada qalib gəlmişdik. Buna baxmayaraq yaxşı oynadığımız matçlar, qaçırdığımız penaltiləri də vurğulamalıyam. İndikindən daha çox xal toplaya bilərdik. İlk mövsüm üçün bu da pis nəticə deyil. İrəliyə baxmalıyıq.

- Misli Premyer Liqasında legioner limiti ləğv olunsa da siz komandanın heyətində daim meydana çıxırsınız. Necə düşünürsünüz, limitin ləğvi azərbaycanlı futbolçulara təsir edibmi?

- ⁠Əlbəttə. Birmənalı şəkildə pis təsir edir. Çünki bir çox yerli oyunçu komandasında forma şansı əldə edə bilmir. Mən meydana çıxıramsa, bu o demək deyil ki, bununla razıyam. Xeyr. Əsla bununla razı deyiləm. İstəyərdim ki, yerli futbolçularımız da şans əldə etsinlər.

- Daha əvvəl Azərbaycan millisinin də formasını geyinmisiniz. Mövsümün əvvəlindən də stabil çıxış edirsiniz. Növbəti toplanışlarda dəvət almaq ehtimalını necə görürsünüz?

- ⁠Son toplanışda da dəvət gözləyirdim. Çağırılmadım. Amma çalışıram. Hədəflərimdən biri də milliyə qayıtmaqdır. Bunun üçün əlimdən gələni edirəm.

- Misli Premyer Liqada sizinlə maraqlanan klublar var. Komandanı dəyişmək ehtimalınız varmı?

- ⁠Hazırda “İmişli” ilə müqaviləm var. Düşünürəm ki, pis də təsir bağışlamırıq. İndi bütün fikrim bu komanda ilə uğurlar əldə etməkdir.

İdman.Biz