“Bu komanda yaxşı müdafiə olunmağı bacarır. Demək olar ki, 11 nəfərlə müdafiə oluna bilirlər”.
Bunu “Zirə”nin və Azərbaycan millisinin futbolçusu İsmayıl İbrahimli sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Misli Premyer Liqasının 16-cı turunda “İmişli” ilə qolsuz heç-heçə etdiniz. Qələbəyə nə mane oldu?
- Matça yaxşı başlamışdıq. Qarşılaşmada topa nəzarət də sonadək bizdə idi. Məncə, bu görüşdə yalnız qol çatışmadı. Qalibiyyət bizim üçün çox vacib idi. Amma nə etmək olar? Çempionatın ilk yarısı geridə qaldı. Bundan sonra daha çox xallar yığıb yuxarı pillələrdə olmaq istəyirik.
- “İmişli” çempionatın debütantıdır. Birinci dövrədə də bu komanda ilə heç-heçə etmişdiniz...
- Bu komanda yaxşı müdafiə olunmağı bacarır. Demək olar ki, 11 nəfərlə müdafiə oluna bilirlər. Onlara qarşı qol şansları yaratmaq çətindir. Amma bu matçda da yaxşı fürsətlərimiz oldu. “İmişli” səfərdə çox klublardan xallar alıb və yaxşı oyun sərgiləyib.
- Misli Premyer Liqasında ilk yarı başa çatır. İstədiyiniz, arzuladığınız pillədəsinizmi?
- Bundan da çox xalımız ola bilərdi. Amma özümüzdən asılı olmayan səbəblər var. Məncə, mövsümün ilk yarısında çoxlu zədəli futbolçularımız oldu. Hazırda da belədir. Bu da bizim oyunumuza öz təsirini göstərir. Bu, bizim problemimizdir. Düşünürəm ki, bundan da çox yığa bilərdik. Amma çempionat qarşıdadır.
- Birinci turdan təxirə salınmış oyunda son çempion “Qarabağ” “Sabah”a uduzmuşdu. Bu, sizdə əlavə motivasiya yaradırdı?
- Biz də ən yuxarı pillədə olmaq istəyirik. Amma həmin matçın bizə aidiyyatı yox idi. Hansı tərəf qalib gəlsəydi, bizə qələbə lazım idi. Təəssüflər olsun ki, biz istəyimizə, qələbəyə nail ola bilmədik.
- “Zirə” artıq neçənci ildir ki, mükafatçılar sırasına düşür. Amma hələlik titulu yoxdur. Ölkə kubokunda və ya çempionatda bu mövsüm bunu əldə etmək olar?
- Əlbəttə olar. Ötən mövsümdə də buna yaxın idik. Amma alınmadı. “Qarabağ”ın olduğu çempionatda iki mövsüm ardıcıl ikinci yeri tutmaq pis nəticə deyil. “Qarabağ” neçə ilin çempionudur. Onlarla rəqabət aparmaq çətindir. Biz də titul əldə etmək istəyirik, bu çox önəmlidir. Ümid edirəm ki, bu mövsüm bizə nəsib olacaq.
- “İmişli” ilə matçda start heyətdə meydanda olan iki azərbaycanlı futbolçudan biri də siz idiniz. Sizcə, limitin ləğvi digər yerli futbolçuların yolunu kəsib?
- Bu məsələ çox gündəmdədir. Azərbaycanlı futbolçular fikir bildirəndə elə başa düşürlər ki, rəqabətdən qaçırıq. Elə bir şey yoxdur. Yerli və əcnəbi oyunçuların hamısı rəqabətdədir. Limit olanda da rəqabət aparırdıq, indi də elədir. Görünən odur ki, hər klubda oynayan azərbaycanlı futbolçular azdır. Mən hansısa fikir bildirsəm, səhv başa düşülə bilər. Hamı rəqabət aparmalıdır. Limitin ləğvinin faydalı və faydasız olduğunu deyə bilmərik. Bunu zaman göstərəcək. Amma reallıq odur ki, azərbaycanlı futbolçular az oynayırlar. Adların da çəkmək olar. Düşünürəm ki, limitin ölkə futboluna faydası var idi.
